"Əgər Qarabağı işğaldan azad etmək bir igidlikdirsə, onu bərpa etmək artıq ikinci igidlik sayıla bilər. Ermənistan 30 il ərzində işğal etdiyi torpaqları viran günə qoydu, evləri, sosial obyektləri dağıtdı, kommunikasiyaları çıxararaq öz ölkəsinə apardı, meşələri qırdı, çayları zəhərlədi. Hətta öz yaşadıqları kiçik məntəqələrdə belə daşı daş üstündə qoymadılar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ancaq Azərbaycan qısa müddətdə tək döyüşçü bir xalq olduğunu deyil, eyni zamanda yaradıcı bir xalq olduğunu göstərdi: "Qısa zamanda artıq 40-dan çox yaşayış məntəqəsində 100 minə qədər insan yaşayır, universitetlər açılıb, məktəblər tikilib, yaşayış evləri salınır, təbiət canlanır, iş yerləri yaradılır.
Bu gün Azərbaycanın azad etdiyi torpaqlarda yaratdığı reallıqlar dünya mətbuatının da diqqətini cəlb edir. Vaxtaşırı həmin zonalarda keçirilən beynəlxalq tədbirlərə gələn xarici qonaqlar Azərbaycanın gördüyü işi yüksək qiymətləndirirlər. Xarici diplomatların bu günlərdə həmin ərazilərə səfərləri bir daha görülən işləri xarici nümayəndələrin tək mətbuatdan deyil, birbaşa özlərinin şahidi olması, görməsi üçün şərait yaradıb.
Doğrudan da, Azərbaycan intibah dövrü yaşayır. Bütün Azərbaycan boyu quruculuq işləri gedir, yollar salınır, insanlar su, elektrik enerjisi, istilik ilə təmin edilirlər, nəqliyyat infrastrukturu yaxşılaşdırılır, pensiyalar artırılır, əmək haqları artırılır, çoxsaylı iş yerləri yaradılır, sahibkarlığa şərait yaradılır.
İşğaldan azad olunan zonalarda sahibkarlara çox böyük güzəştlər yaradılıb. Bu, əlbəttə ki, investisiyaların cəlb edilməsinə gətirib çıxarır. Azərbaycan xalqı işğaldan azad olan ərazilərin sahiblənməyin müasir modelini göstərə bilir".