Şəhərə qayıdan məktəb səsi… -KÖŞƏ

14 Sentyabr 2026 12:10 (UTC+04:00)

Sabah şəhər başqa cür oyanacaq. Küçələrdə məktəbli forması geyinmiş uşaqlar, əlində çanta ilə tələsən şagirdlər, universitetə doğru yol alan tələbələr görünəcək. Yayın sakitliyi bir anda yerini hərəkətə, səs-küyə və qəribə bir həyəcanına verəcək.

Kimisi ilk dəfə məktəb qapısından içəri girəcək. Balaca addımlarla böyük bir dünyaya açılan o qapının qarşısında uşaqlar qədər valideynlərin də ürəyi döyünəcək. Çünki ilk zəng yalnız uşaq üçün deyil, ana və ata üçün də yeni bir başlanğıcdır. Bir neçə dəqiqə əvvəl əlindən möhkəm tutduqları övladlarını müəllimə əmanət edib məktəbin qarşısından ayrılmaq həm qürur, həm də kövrəklik yaradır.

Məktəbə artıq alışmış uşaqlar üçün isə bu gün dostlarla görüşmək, yay tətilindən sonra sinif yoldaşlarını yenidən görmək deməkdir. Kimisi yeni dərs ilinin planlarını quracaq, kimisi yeni müəllimlərlə tanış olacaq, kimisi də qarşıdakı imtahanların həyəcanını indidən yaşayacaq.

Tələbələr üçün isə sentyabr bir qədər fərqlidir. Xüsusilə universitet həyatına ilk dəfə qədəm qoyan gənclər üçün qarşıda tamamilə yeni bir mərhələ başlayır. Yeni mühit, yeni insanlar, yeni məsuliyyətlər… Məktəb illərindən fərqli olaraq, artıq qərarların və seçimlərin məsuliyyəti daha çox onların öz üzərində olacaq.

Sabah yalnız məktəblər və universitetlər açılmır. Şəhər də sanki öz ritminə qayıdır. Səhər saatlarından yollarda sıxlıq artacaq, ictimai nəqliyyatda sərnişin sayı çoxalacaq, dayanacaqlarda məktəbli uşaqların səsi eşidiləcək. Valideynlər işə tələssə də, bir çoxunun fikri gün ərzində övladının ilk dərsində, ilk zəngində, ilk təəssüratlarında qalacaq.

Yeni dərs ili həm də ümid deməkdir. Kimisi yüksək qiymətlər, kimisi universitetə qəbul, kimisi yeni dostlar, kimisi isə sadəcə özünü daha yaxşı tanımaq üçün bu yola çıxır.

Bəlkə də illər sonra insanın yaddaşında ən çox qalan məhz bu səhərlər olur. Ananın hazırladığı səhər yeməyi, ütülənmiş məktəb forması, çantaya qoyulan dəftərlər, məktəbin həyətində eşidilən ilk zəng…

Hər yeni dərs ili bizə bir şeyi xatırladır: həyat davam edir və hər sentyabr qarşımızda yeni bir səhifə açılır.

Sabah o səhifəni kimisi məktəbdə, kimisi universitetdə, kimisi isə həyatının tamamilə yeni mərhələsində açacaq. Əsas odur ki, bu səhifəyə qorxu ilə deyil, ümidlə başlayaq.