Bankomat qarşısında təhlükəsizlik: insanlar daha çox hansı səhvləri edir? - AÇIQLANDI

14 Sentyabr 2026 11:58 (UTC+04:00)

Bankomatlardan istifadə zamanı vətəndaşların diqqətli olması vacibdir. Kart məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi, bankomatlara xüsusi avadanlıqların yerləşdirilməsi və əməliyyat zamanı ehtiyatsızlıq müxtəlif risklər yarada bilər.

Bu barədə SİA -ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb.

O bildirib ki, xüsusilə kart məlumatlarının oğurlanması üçün bankomatlara yerləşdirilən skimmerlər vətəndaşın özü də fərqinə varmadan məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər:

“Bankomatlardan pul çıxararkən və ya digər əməliyyatlar apararkən bir sıra məqamlara diqqət etmək lazımdır. Vətəndaş bankomatdan pul çıxaranda və ya digər əməliyyatlar aparanda ehtiyatlı olmalıdır. Əsas məsələlərdən biri PIN kodu gizlətməkdir ki, heç kəs görməsin. Təbii ki, diqqətli olmalı, kartını heç kəsə verməməlidir.

Bundan əlavə, vətəndaş tələsməməlidir. Bəzən görürsən ki, kartı yaddan çıxarır, pulu götürmür, əməliyyatın axıra qədər tamamlanmasını gözləmir.

Amma ən təhlükəlilərdən biri bankomatın özünə gizli şəkildə yerləşdirilən skimmerlərdir. Dələduzlar müəyyən avadanlıqları bankomatın kartı daxil etdiyiniz hissəsinə yerləşdirirlər. Siz əməliyyat apararkən kart məlumatları həmin avadanlıq vasitəsilə əldə edilir. Bunu vətəndaş özü də heç hiss etmir.

Sonra həmin dələduzlar kartın məlumatlarından istədikləri kimi istifadə edə bilirlər.

Bəs nə etmək lazımdır? Bankomata yaxınlaşanda ona diqqətlə baxmaq lazımdır. Qeyri-adi bir şeyin olub-olmadığını yoxlamaq, kartı daxil etdikdə onun rahat keçib-keçmədiyinə fikir vermək lazımdır.

Çünki indi demək olar ki, hər kəs həyatında bir neçə dəfə bankomatdan istifadə edib. Ona görə də bankomatda qeyri-adi bir şey görürsə, əməliyyatı aparmamalıdır”.