58 ölkə, 9 beynəlxalq təşkilat: Qarabağa diplomatik səfərin əsas mesajı - MİLLƏT VƏKİLİ

14 Sentyabr 2026 11:44 (UTC+04:00)

"Sentyabrın 11-də başlayan iki günlük səfər ilk baxışdan protokol tədbiri təsiri bağışlaya bilər. Amma rəqəmlərə diqqət yetirəndə mənzərə dəyişir. 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik diplomatik heyət Qarabağ və Şərqi Zəngəzur ərazilərinə səfər edib. Bu, sadə bir tanışlıq gəzintisi deyil. Azərbaycanın xarici siyasətinin ən sistemli və davamlı alətlərindən birinin növbəti mərhələsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, səfərin arxasında duran faktlardan biri, bəlkə də, ən vacibi 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərə diplomatik korpusun 22-ci səfəridir: "Rəqəm özü danışır. Bu, birdəfəlik PR aksiyası yox, illər ərzində qurulmuş, davamlı işləyən diplomatik mexanizmdir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfər çərçivəsində diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olub, Şuşada yaşayış komplekslərini, tarixi-mədəni irs obyektlərini gəzib, regionda həyata keçirilən sosial-iqtisadi infrastruktur layihələri ilə tanış olublar.

150 nəfərlik heyət, 58 ölkə, 9 beynəlxalq təşkilat nümayəndəsi – bu rəqəmlər təsadüfən seçilməyib. Bu qədər geniş coğrafi və institusional təmsilçiliyi bir yerə cəmləmək bacarığı Azərbaycanın diplomatik nüfuzunun və bölgədəki proseslərə beynəlxalq marağın göstəricisidir. Eyni zamanda, bu, hər hansı təhrif olunmuş və ya mübahisəli nəqletmələrə qarşı çoxsaylı, müstəqil müşahidəçi bazası formalaşdırmaq strategiyasıdır. Sadəcə Bakının sözünə deyil, onlarla ölkənin diplomatının öz gözü ilə gördüklərinə istinad etmək imkanı yaranır.

Bəlkə də, səfərin ən mühüm diplomatik funksiyası rəsmi bəyanatları yoxlanıla bilən reallığa çevirməkdir. Diplomatları birbaşa bərpa olunan şəhərlərə, tikinti meydançalarına aparmaqla Azərbaycan öz uğurlarını üçüncü tərəflərin müstəqil şəhadətinə söykənən formaya gətirir. Söz yox, iş göstərilir, iddia yox, tikili nümayiş etdirilir. Yəni, torpağın sahibləri idik, işğaldan azad etdik, indi isə tikirik və keçmiş məcburi köçkünlərin qayıdışını təmin edirik.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın nəzarəti altındadır və orada gedən proseslər beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir.

Bu qədər geniş təmsilçiliyi cəlb etməklə Bakı Qarabağla bağlı öz mövqeyinə daha geniş beynəlxalq razılıq və tanınma yaratmağa çalışır.

Azərbaycan diplomatiyası Qarabağ mövzusunu sadəcə bəyanatlarla deyil, sistemli, təkrarlanan və getdikcə genişlənən beynəlxalq nümayişlərlə müşayiət etməyi öz xarici siyasət alətlərindən birinə çevirib".