UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb

11 Sentyabr 2026 14:48 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbində “Səhiyyənin idarə edilməsi” ixtisaslaşması üzrə təhsil alan magistrlərin real səhiyyə mühitində təcrübə qazanması və praktik biliklərinin artırılması istiqamətində yeni imkanlar yaradılır. UNEC-dən SİA-ya bildirilib ki, bu məqsədlə universitetin rektoru professor Ədalət Muradov və Liv Bona Dea Hospitalın İcraçı direktoru Taner Özbək arasında əməkdaşlığa dair görüş keçirilib.

Ədalət Muradov UNEC-də 10 ildir səhiyyənin idarə edilməsi ixtisaslaşması üzrə magistr hazırlığının həyata keçirildiyini bildirib. Qeyd edib ki, tədris planında səhiyyə təşkilatlarının idarə edilməsi, səhiyyə xidmətlərinin maliyyələşməsi, səhiyyədə risk və böhranların idarə edilməsi, səhiyyə hüququ, səhiyyə texnologiyaları və informasiya sistemləri kimi ixtisaslaşmış fənlər yer alır. Son illərdə bu ixtisaslaşmaya marağın əhəmiyyətli dərəcədə artdığını bildirən rektor təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün real səhiyyə təcrübəsinin tədris prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb.

Taner Özbək səhiyyə idarəçiliyinin çoxsaylı tibbi ixtisas və proseslərin koordinasiyasını tələb edən mürəkkəb sahə olduğunu bildirib. O, magistrlərin real iş mühiti ilə yaxından tanış olmasının və idarəetmə proseslərini praktik şəkildə öyrənməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə magistrlərin Liv Bona Dea Hospitalda mərhələli şəkildə staj keçməyə cəlb olunması, müəllim və tələbələr üçün təlim proqramlarının təşkili, magistr dissertasiyalarının real səhiyyə problemləri əsasında hazırlanması, həmçinin sahə üzrə dərsliklərin Azərbaycan dilinə tərcüməsi məsələləri müzakirə edilib. Eyni zamanda, səhiyyə müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin keyfiyyəti və pasiyent məmnuniyyəti, insan resurslarının idarə edilməsi, maliyyələşmə, rəqəmsal transformasiya və tibbi sığorta əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilib.

Sonda UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb.