““Rəqəmsal məktəb” platformasının əhatə dairəsinin Bakı ilə yanaşı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir və Naxçıvanda yerləşən 550-dən çox məktəbə genişləndirilməsi sadəcə texniki keçid deyil, həm də böyük verilənlərin təhsil sisteminə inteqrasiyasıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, platformada toplanan real vaxt məlumatları təhsil sisteminin hamı üçün vahid standart modelindən hər bir şagirdə fərdi yanaşma modelinə keçidinə imkan yaradır:
” Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə qiymətləndirmə nəticələri ilboyu məktəb, sinif və fənn səviyyəsində avtomatik təhlil edilir. Bu analitika təhsil idarəçilərinə akademik geriləmələri vaxtında müəyyənləşdirməyə və çevik idarəetmə qərarları qəbul etməyə imkan verir.
Eyni zamanda, elektron jurnallar vasitəsilə dərslərin effektivliyi və müəllimlərin peşəkar fəaliyyəti monitorinq olunur. Əldə edilən nəticələr əsasında müəllimlərin metodiki ehtiyaclarına uyğun məqsədli ixtisasartırma təlimlərinin təşkili mümkün olur.
Platformaya inteqrasiya olunmuş “Microsoft Copilot” kimi süni intellekt alətləri isə müəllimlərə daha effektiv dərs planları və tədris resursları hazırlamaqda rəqəmsal assistentlik edir.
Şagirdlərin fərdi ehtiyaclarının müəyyənləşdirilməsi prosesində formativ qiymətləndirmə qeydləri, davamiyyət və nizam-intizam göstəriciləri dərhal valideyn kabinetinə ötürülür. Bu funksiya akademik risklərin əvvəlcədən müəyyənləşdirilməsinə imkan verən erkən xəbərdarlıq sistemi rolunu oynayır və mümkün problemlərin böyüməsinin qarşısının vaxtında alınmasına şərait yaradır.
Data analitikası şagirdin konkret mövzularda çətinlik çəkdiyini müəyyən etdikdə, sistem onun kabinetində məhz həmin boşluqlara uyğun fərdiləşdirilmiş videodərslər, interaktiv testlər və qısa tapşırıqlar təklif edir. Beləliklə, hər bir şagirdin öz öyrənmə tempinə uyğun irəliləməsi təmin olunur.
Bundan əlavə, şagird yerdəyişməsi zamanı onun akademik məlumatlarının və qiymətləndirmə profilinin avtomatik şəkildə yeni məktəbə ötürülməsi fərdi yanaşmanın davamlılığını təmin edir. Bu, yeni müəllimin şagirdi tanıması üçün əlavə vaxt sərf etməsinin qarşısını alır və təhsil prosesinin fasiləsiz şəkildə davam etdirilməsinə imkan yaradır”.