"Bakı İqlim Fəaliyyəti Həftəsinin yüksək səviyyədə təşkil olunması və iclasların mütəşəkkil keçirilməsi bir daha beynəlxalq tədbirlərə münasibətdən irəli gəlir və həm də bu, Azərbaycanın dünyada qazandığı bir nüfuzun göstəricisi hesab edilməlidir. Əlbəttə ki, qarşıda çox mühüm vəzifələr qoyulub. Bu gün dünya ölkələri iqlim dəyişikliklərindən, su çatışmazlığından, ərzaq qıtlığından ciddi çətinliklər çəkirlər". Bu sözləri SİA-ya aşıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, baş verən müharibələr, münaqişələr zəminində iqtisadi əlaqələr müəyyən qaydada pozulub. Ona görə də bəşəriyyəti müəyyən problemlərdən xilas etmək üçün dünya ölkələrinin bir araya gəlməsi, ortaq mövqedən çıxış etmələri çox vacibdir:
"Bakı İqlim Fəaliyyəti Həftəsi də məhz bu məqsədə xidmət edir. Gələcəkdə yarana biləcək bir çox problemlərin, xüsusilə iqlim dəyişikliklərinin, su çatışmazlıqlarının, ərzaq yoxsulluğunun qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini zərurətə çevirir. Bunun üçün bir işləmə mexanizmi lazımdır və bu da müəyyən ölkələrin təcrübəsinə əsaslanır.
Azərbaycanın təcrübəsində bu, ayrı mövzuda özünü göstərir. Çünki bir çox beynəlxalq tədbirlərə dövlətimizin ev sahibliyi etməsi, xüsusilə COP29 tədbirinin çox yüksək səviyyədə keçirilməsi əsas verir ki, bu həftə ərzində irəli sürülən təkliflər ümumiləşdirilsin və müəyyən vəzifələr qarşıya qoyulsun, onun həlli yolları müəyyən edilib mövcud çətinliklərin aradan qaldırılması üçün səmərəli işlər görülsün.
Sözsüz, bu tədbirdə dünyanın bir çox ölkələrindən nümayəndələr, mütəxəssislər iştirak edirdilər. Bu, Azərbaycan üçün də çox faydalıdır. Çünki bizim yerləşdiyimiz məkan, eləcə də müxtəlif iqlim şəraitinə malik olmağımız, sözsüz ki, tədbirlərə yeni bir məna verir və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsini vacib hesab edir.
Bu tədbirdə də istər aqrar sektorda, istər ekologiya sahəsində, istər süni intellekt, istər təhsil, mədəniyyət və digər sahələrdə vəzifələrin müəyyən edilməsi ön planda oldu və qarşılıqlı beynəlxalq əməkdaşlığa böyük önəm verildi. Bu da çox düzgün bir prinsipdir. Çünki əməkdaşlığı genişləndirmədən, münasibətləri möhkəmləndirmədən bəşəriyyəti narahat edən problemləri aradan qaldırmaq mümkün deyil.
Ona görə də mən bu Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsini mühüm bir hadisə hesab edirəm və elə bilirəm ki, bu, həm Azərbaycan üçün, həm də türk dövlətləri üçün gələcəkdə öz faydasını verəcəkdir".