Meyvə şirəsi daha faydalıdır, yoxsa meyvənin özünü yemək? -EKSPERT DANIŞDI

11 Sentyabr 2026 11:46 (UTC+04:00)

“Sağlam qidalanmanın əsas şərtlərindən biri meyvə və tərəvəzlərin mövsümündə, mümkün qədər təzə halda istehlak edilməsidir. Bu məhsullar vitamin və minerallarla zəngin olmaqla yanaşı, tərkibindəki liflər sayəsində həzm sisteminin fəaliyyətinə, bağırsaq sağlamlığına və immun sisteminin dəstəklənməsinə müsbət təsir göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, insanlar bir çox hallarda bütöv meyvə əvəzinə meyvə şirəsinə üstünlük verirlər:

”Lakin təzə sıxılmış meyvə şirəsi ilə sənaye üsulu ilə hazırlanmış meyvə içkiləri arasında ciddi fərqlər mövcuddur. Məhsulun meyvədən hazırlanması onun avtomatik olaraq sağlam və faydalı olması demək deyil. Burada əsas məsələ məhsulun hazırlanma üsulu, tərkibi və istehlak miqdarıdır.

Mütəxəssis bildirib ki, bütöv meyvənin əsas üstünlüklərindən biri onun tərkibindəki liflərin qorunmasıdır. Liflər şəkərin orqanizm tərəfindən daha yavaş mənimsənilməsinə kömək edir. Buna görə də xüsusilə qan şəkəri ilə bağlı problemi və xroniki xəstəlikləri olan şəxslər üçün meyvənin bütöv şəkildə yeyilməsi daha məqsədəuyğundur. Şirə formasında isə liflərin böyük hissəsi itirildiyindən şəkərin qana daha sürətli keçməsi mümkündür.

M.Hüseynovanın sözlərinə görə, təzə sıxılmış meyvə şirələri də müəyyən qida dəyərinə malikdir. Portağal, nar, üzüm, qreypfrut və digər meyvələrdən hazırlanan təzə şirələr vitamin, mineral və bioloji aktiv maddələrlə zəngin ola bilər. Bununla belə, burada əsas amillərdən biri qəbul edilən miqdardır. Bir stəkan şirənin hazırlanması üçün bir neçə meyvədən istifadə edilə bilər və bu zaman insan qısa müddətdə bütöv halda qəbul edə bilməyəcəyi miqdarda meyvə və təbii şəkər istehlak etmiş olur.

O qeyd edib ki, bu səbəbdən meyvə şirəsinin daha çox qəbul edilməsinin daha çox fayda verməsi fikri düzgün deyil.

Emal olunmuş meyvə şirələri və meyvə içkiləri ilə bağlı isə istehlakçıların daha diqqətli olması vacibdir. Məhsulun üzərində “şirə”, “nektar” və ya “meyvə içkisi” yazılması onun 100 faiz təbii meyvə şirəsi olduğu anlamına gəlmir. Bəzi məhsullarda meyvə şirəsinin miqdarı müəyyən faiz təşkil edə, əlavə şəkər, şərbət və digər komponentlərdən istifadə oluna bilər.

Mütəxəssis istehlakçılara məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumağı tövsiyə edib. İstehsalçı, məhsulun tərkibi, istehsal və son istifadə tarixləri, saxlanma şəraiti, həmçinin allergenlər barədə məlumatların yoxlanılması mühüm əhəmiyyət daşıyır.

“Ümumilikdə gündəlik qida rasionunda əsas seçim bütöv meyvə olmalıdır. Çünki meyvə bu formada həm vitamin və minerallarla, həm də liflə təmin edir və toxluq hissinin yaranmasına daha çox kömək edir. Meyvə şirəsi qəbul edilirsə, onun miqdarına və tərkibinə diqqət yetirmək, mümkün qədər əlavə şəkər və arzuolunmaz qatqılar olmayan məhsullara üstünlük vermək daha düzgün yanaşmadır”, - deyə M.Hüseynova bildirib”.