Bu gün telefon həyatımızın sadəcə bir hissəsi deyil. Səhər gözümüzü açanda ilk baxdığımız, gün ərzində dəfələrlə əlimizə aldığımız və gecə yatmazdan əvvəl sonuncu dəfə yoxladığımız vasitələrdən birinə çevrilib. Xəbərlərdən sosial şəbəkələrə, iş yazışmalarından əyləncəyə qədər demək olar ki, hər şey bir ekranın içindədir. Üstəlik, son illərdə qısa videoların sürətlə yayılması informasiya qəbul etmə vərdişimizi də dəyişib.
SİA mövzu ilə bağlı araşdırma edib.
Bir neçə saniyə ərzində bir mövzudan digərinə keçirik. Maraqlı olmadısa, videonu sürüşdürüb keçir, yenisinə baxırıq. Bir xəbər uzun gəldisə, başlığını oxuyub kifayətlənirik. Uzun məqaləyə və ya kitaba başladıqda isə bir müddət sonra diqqətimiz yayınır. Beləliklə, problem artıq yalnız telefonda keçirdiyimiz vaxtın çoxluğu ilə bağlı deyil. Daha ciddi sual ortaya çıxır: telefon və sosial media bizim diqqətimizi necə dəyişir?
Azərbaycanda da rəqəmsal mühitin miqyası kifayət qədər böyükdür. DataReportal-ın 2026-cı il hesabatına görə, 2025-ci ilin sonunda Azərbaycanda 9,27 milyon internet istifadəçisi olub və internetə çıxış səviyyəsi 89 faizə çatıb. Sosial media istifadəçilərinin sayı isə 7,61 milyon olaraq göstərilib. Bu rəqəmlər göstərir ki, rəqəmsal dünya artıq həyatımızdan kənarda deyil, gündəlik həyatımızın özüdür.
Məsələ də elə burada başlayır. İnsan gün ərzində daha çox informasiya qəbul edir, amma bu, onun daha çox məlumatlı olduğu anlamına gəlirmi?
Əvvəllər hansısa mövzu ilə maraqlandıqda kitab oxuyur, qəzet və jurnal vərəqləyir, müxtəlif mənbələrə müraciət edirdik. İndi isə bir neçə saniyəyə cavab əldə etmək mümkündür. Telefonu açırıq, axtarış sisteminə sualı yazırıq və qarşımıza saysız-hesabsız nəticə çıxır. Daha sürətli, daha rahat və daha əlçatandır.
Amma insan beyninin informasiya ilə işləmə mexanizmi bu qədər sürətli dəyişmir.
Uzun mətn oxumaq diqqət tələb edir. Kitab oxuyarkən hadisələri yadda saxlamaq, obrazları təsəvvür etmək, müəllifin fikrini izləmək və nəticə çıxarmaq lazımdır. Halbuki qısa videolar çox vaxt bizdən belə davamlı diqqət tələb etmir. Bir neçə saniyəlik görüntü bitir və dərhal başqa məzmun gəlir.
2026-cı ildə yayımlanan bir araşdırmada qısa video platformalarında tövsiyə sistemlərinin istifadəçinin diqqətini tez cəlb edən məzmunu önə çıxarması araşdırılıb. Tədqiqatçılar böyük həcmdə qısa videoları təhlil edərək bu məzmunların koqnitiv dərinliyi məsələsinə də diqqət çəkiblər. Burada əsas məsələ qısa videonun özünün “pis” olması deyil. Problem informasiyanın daim sürətli, qısa və dəyişkən formada qəbul edilməsinin diqqət vərdişlərinə təsir göstərə bilməsidir.
Bu məsələ xüsusilə uşaqlar və yeniyetmələr üçün aktualdır.
Məktəblərin açılmasına sayılı günlər qaldığı bir vaxtda valideynlərin qarşısında hər il olduğu kimi eyni sual dayanır: uşağı dərsə necə kökləmək olar?
Çünki məktəbə qayıdan uşağın qarşısında artıq yalnız dərsliklər və müəllim izahı yoxdur. Onun diqqəti eyni zamanda telefon, sosial şəbəkələr, oyunlar, qısa videolar və digər rəqəmsal məzmunlarla bölüşdürülür.
OECD-nin 2025-ci il PISA nəticələri də məsələnin ciddiliyini göstərir. Təşkilatın məlumatına görə, OECD ölkələrində 15 yaşlı şagirdlərin oxu nəticəsi 2012-ci ildəki 501 baldan 2025-ci ildə 472 bala düşüb. Bu, sadəcə uşaqların daha az kitab oxuması məsələsi deyil. Söhbət mətni anlamaq, əsas fikri müəyyənləşdirmək, məlumatı təhlil etmək və nəticə çıxarmaq kimi bacarıqlardan gedir.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: “Uşaqlar artıq kitab oxumur, çünki telefon var” demək məsələyə həddindən artıq sadə yanaşmaqdır.
Əslində uşaqlar informasiya oxuyurlar. Sadəcə oxuduqları məzmunun forması dəyişib.
Sosial şəbəkədə bir gündə onlarla başlıq, yüzlərlə qısa mətn, mesaj, şərh və video qarşıya çıxa bilər. Yəni informasiya qəbulunun həcmi azalmayıb, əksinə, artıb. Dəyişən isə həmin informasiyanın necə qəbul edilməsidir.
Bu gün insanın əsas problemi informasiyanın azlığı yox, informasiya bolluğudur.
Bunun üzərinə süni intellekt də əlavə olunub. İndi şagird hər hansı mövzu haqqında məlumat əldə etmək üçün uzun-uzadı axtarış aparmaq əvəzinə bir neçə cümlə yazaraq hazır cavab ala bilər. Bu imkan düzgün istifadə edildikdə böyük üstünlükdür. Lakin uşağın özü düşünmədən, araşdırmadan və məlumatı yoxlamadan hər şeyi texnologiyaya həvalə etməsi başqa məsələdir.
Çünki öyrənmək yalnız cavabı əldə etmək deyil. Öyrənmək həmin cavaba necə gəldiyini anlamaqdır.
Telefonu tamamilə qadağan etmək isə problemin həlli deyil. Çünki rəqəmsal texnologiyalar artıq təhsilin, işin və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Əsas məsələ telefondan istifadəni dayandırmaq yox, ondan necə istifadə etdiyimizi dəyişməkdir.
Uşağa “telefonu kənara qoy” deməkdənsə, onun telefonla münasibətinə müəyyən sərhədlər qoymaq daha real yanaşmadır. Dərs zamanı telefondan uzaq qalmaq, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmaq, hər gün müəyyən müddət kitab və ya uzun mətn oxumaq, internetdə qarşıya çıxan məlumatın mənbəyini yoxlamağı öyrənmək bu baxımdan daha əhəmiyyətlidir.
Əslində söhbət telefonla kitab arasında seçim etməkdən də getmir. Telefonla keyfiyyətli təhsil məzmunu izləmək bir şeydir, saatlarla qısa videolar arasında keçid etmək tamam başqa. Elektron kitab oxumaq başqa, fasiləsiz şəkildə sosial şəbəkə lentini sürüşdürmək isə tamam başqa davranışdır.
Ona görə də əsas sual “uşaqlar telefondan nə qədər istifadə edir?” olmamalıdır.
Daha vacib sual budur: “Uşaqlar telefondan istifadə etdikdən sonra nə əldə edirlər?”
Çünki gələcəyin əsas problemi informasiya çatışmazlığı olmayacaq. Əksinə, qarşımızda o qədər çox məlumat olacaq ki, onun içindən doğru olanı seçmək getdikcə daha çətinləşəcək.
Bu səbəbdən məktəb də, valideyn də uşağa yalnız məlumat verməklə kifayətlənməməlidir. Ona diqqətini toplamağı, uzun mətn oxumağı, məlumatı müqayisə etməyi, mənbəni yoxlamağı və ən əsası, müstəqil düşünməyi öyrətmək lazımdır.
Çünki texnologiyanın sürətləndiyi bir dövrdə insanın ən böyük üstünlüyü daha sürətli məlumat əldə etmək deyil.
Ən böyük üstünlük informasiya selinin içində dayanıb düşünə bilməkdir.
Ayşən Vəli