"Qeyd edim ki, ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi artıq sadəcə iqtisadi təzyiq siyasəti kimi qiymətləndirilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İH üzvü, politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Vaşinqtonun son addımları İranın maliyyə, enerji, nəqliyyat və xüsusilə aviasiya imkanlarını daha geniş şəkildə məhdudlaşdırmağa yönəlib:
"Sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyi İranın aviasiya sektoruna qarşı 36 yeni sanksiya tətbiq edib və İran aviaşirkətlərinə xidmət göstərən xarici vasitəçiləri də hədəfə alıb.
Bunun fonunda Tehran da hərbi və siyasi ritorikasını sərtləşdirib və hətta İranın yeni ballistik raket doktrinasında potensial təhlükələrə qarşı qabaqlayıcı zərbə yanaşmasının önə çəkilməsi diqqət çəkir.
Mənim fikrimcə, belə vəziyyətdə İranın xarici siyasətində bir neçə dəyişiklik gözlənilə bilər.
Fikirimcə , Tehran xarici siyasətini daha çox təhlükəsizlikləşdirməyə məcbur olacaq.
Yəni iqtisadi diplomatiyanın və Qərblə münasibətlərin normallaşdırılmasının yerini daha çox hərbi çəkindirmə, regional tərəfdaşlara söykənmə və asimmetrik imkanlardan istifadə tutacaq.
İran üçün məsələ artıq yalnız sanksiyaların iqtisadi nəticələrini azaltmaq deyil, dövlətin strateji manevr imkanlarını qorumaqdır.
İran qonşu dövlətlərin davranışına daha həssas yanaşacaq.
Xüsusilə öz sərhədləri ətrafında ABŞ və İsrailin mümkün hərbi, kəşfiyyat və logistika imkanlarının genişlənməsini Tehran artıq birbaşa milli təhlükəsizlik məsələsi kimi qəbul edir.
Buna görə də region ölkələrinin hər hansı xarici güclə əməkdaşlığına İranın reaksiyası daha sərt ola bilər.
Həmçinin İranın regionda diplomatik manevr üçün yeni kanallara ehtiyacı artacaq. Çünki sanksiyalar İranı nə qədər təcrid edirsə, qonşu ölkələrlə münasibətlərin qorunması Tehran üçün bir o qədər strateji əhəmiyyət qazanır.
Hazırkı qarşıdurmanın Hörmüz boğazına, enerji marşrutlarına və regional ticarətə təsir etməsi də bunun yalnız İran–ABŞ məsələsi olmadığını göstərir.
Bu prosesin Azərbaycan üçün ən həssas tərəfi məhz təhlükəsizlik məsələsidir.
Azərbaycan İranla münasibətlərini ABŞ–İran qarşıdurmasının prizmasından müəyyən etmir.
Azərbaycan üçün İranla münasibətlər ilk növbədə iki qonşu dövlət arasında münasibətlərdir.
Bu münasibətlərin əsasını beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, qarşılıqlı təhlükəsizlik və xoş qonşuluq təşkil etməlidir.
Burada prinsipial bir məsələ var , Azərbaycan heç bir halda öz ərazisinin qonşu dövlətə qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə imkan verməyib.
Bu, yalnız İrana münasibətdə deyil, Azərbaycanın ümumi xarici siyasət və milli təhlükəsizlik prinsipi belədir.
Eyni zamanda bu prinsip Azərbaycanın öz suveren qərarvermə hüququnu da məhdudlaşdırmır.
Azərbaycan hansı dövlətlə hansı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulmasına özü qərar verir.
Lakin Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətləri qurduğu hər hansı ölkə ilə əməkdaşlığı başqa bir qonşu dövlətə qarşı olmayıb.
Məhz burada Azərbaycan üçün çox incə, amma vacib bir təhlükəsizlik balansı var.
Bir tərəfdən Bakı öz milli maraqlarını, müstəqil xarici siyasətini və strateji tərəfdaşlıqlarını qoruyur.
Mən hesab edirəm ki, Azərbaycanın həmişəki və ən doğru mövqeyi tərəf seçməkdən daha çox öz ərazisinin və milli təhlükəsizliyinin toxunulmazlığını qorumaqdır.
Azərbaycan üçün ABŞ-İran qarşıdurmasının coğrafi olaraq yaxınlaşması yalnız diplomatik risk deyil, həm də sərhəd təhlükəsizliyi, nəqliyyat dəhlizləri, enerji infrastrukturu, hava məkanı və regional sabitlik məsələsidir.
İran tərəfindən də Azərbaycanla münasibətlərə eyni təhlükəsizlik məntiqindən yanaşılmalıdır.
Azərbaycanın öz ərazisində xarici hərbi fəaliyyətə icazə verməməsi ilə yanaşı, İran da Azərbaycanın suverenliyinə, sərhədlərinin toxunulmazlığına və təhlükəsizlik maraqlarına hörmət etməlidir.
Qarşılıqlı təhlükəsizlik yalnız bir tərəfin öhdəliyi ola bilməz.
Əslində, Azərbaycan–İran münasibətlərinin gələcəyi məhz burada müəyyənləşəcək, geosiyasi qarşıdurmaların yaratdığı emosiyalarla deyil, beynəlxalq hüquq və dövlətlərarası məsuliyyətlə.
ABŞ-ın İranla münasibətlərinin hansı istiqamətdə inkişaf etməsindən, Vaşinqtonun sanksiyaları nə qədər sərtləşdirməsindən və Tehranın buna hansı cavabı verməsindən asılı olmayaraq, Azərbaycanın özünün çox aydın bir qırmızı xətti var , Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə edilə bilməz.
Bu mövqe nə ABŞ-a qarşı, nə İrana qarşı, nə də hər hansı digər dövlətə qarşı yönəlmiş mövqedir.
Bu, Azərbaycanın öz dövlət suverenliyinin, milli təhlükəsizliyinin və beynəlxalq hüquq qarşısında məsuliyyətinin ifadəsidir.
Məncə, məhz belə prinsipial və balanslı yanaşma Azərbaycanı regiondakı qarşıdurmaların iştirakçısına deyil, təhlükəsizliyin və sabitliyin qorunmasında məsuliyyətli dövlətə çevirib.
Regionda böyük güclərin qarşıdurması nə qədər sərtləşsə də, Azərbaycanın öz təhlükəsizlik xətti dəyişməyəcək.
Ölkəmiz başqalarının geosiyasi mübarizəsində tərəf deyil"