AIDA-nın həyata keçirdiyi layihələr üzrə açıq çağırışların elan edilməsi qurumun beynəlxalq görünürlüğünü və müxtəlif cəmiyyətlərlə əlaqələrini daha da genişləndirə bilər.
SİA xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım üçün tərəfdaşlıqlar” panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, layihələr üçün açıq çağırışlar elan edilərək dünyanın müxtəlif yerlərindən müraciətlər qəbul edilə bilər.
“Bu, AIDA-nın beynəlxalq görünürlüğünü daha da artıra, müxtəlif cəmiyyətlər və qruplarla əlaqələri genişləndirə bilər. Çünki bəzi əlaqələr nazirlik səviyyəsindən görünməyə bilər. İkitərəfli kommunikasiya imkanımız olsa, bu, dialoqun daha da genişlənməsinə şərait yaradar”, - deyə deputat qeyd edib.
F.İsmayılzadə bəzi layihələrin rəsmi səviyyədə danışıqlar çərçivəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, humanitar və xeyriyyə məqsədi daşıyan layihələrdən ikitərəfli rəsmi danışıqlarda da istifadə etmək mümkündür.
“Bəlkə də yardım alan ölkə bunun müqabilində Azərbaycana müəyyən töhfə verə bilər. Yardıma ehtiyacı olan bəzi ölkələr Azərbaycana bunun müqabilində müəyyən dəstək göstərə bilər”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal miqyasda nisbətən kiçik ölkədir və müxtəlif çoxtərəfli platformalarda, o cümlədən BMT çərçivəsində qonşuların və qlobal tərəfdaşların dəstəyinə ehtiyac var.
Deputatın sözlərinə görə, yardım və inkişaf proqramlarının ikitərəfli rəsmi danışıqlar formatına daxil edilməsi də nəzərdən keçirilməlidir.
F.İsmayılzadə çıxışının sonunda AIDA-nı ildönümü münasibətilə təbrik edib və qurumun indiyədək gördüyü işləri yüksək qiymətləndirib.