"Uşağın telefon istifadəsində əsas məqsəd qadağa deyil, özünənəzarətin formalaşdırılmasıdır" - PSİXOLOQ

10 Sentyabr 2026 12:18 (UTC+04:00)

Müasir dövrdə uşağı telefondan, planşetdən və kompüterdən tamamilə uzaqlaşdırmaq nə realdır, nə də hər zaman düzgün yanaşmadır. Çünki rəqəmsal texnologiyalar artıq uşaqların təhsilinin, ünsiyyətinin və sosial həyatının bir hissəsinə çevrilib. Mənim fikrimcə, əsas məsələ ekranı qadağan etmək deyil, uşağa ondan sağlam və ölçülü istifadə etməyi öyrətməkdir". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova bildirib.

Onun sözlərinə görə, psixoloji baxımdan ən çox diqqət edilməli məqam məhdudiyyətin necə qoyulmasıdır: "Telefonun qəfil əlindən alınması, “bir də telefona toxunmayacaqsan” kimi sərt qadağalar, uşağı danlamaq və ya ekranı cəza vasitəsinə çevirmək, xüsusilə artıq ekrana həddindən artıq bağlanmış uşaqlarda aqressiya, etiraz, gizli istifadə və valideynlə münasibətdə gərginlik yarada bilər.

Burada yaş faktoru da çox önəmlidir. Kiçik yaşlı uşaqlarda qaydanı əsasən valideyn müəyyənləşdirir. Yeniyetməlik dövründə isə yalnız nəzarət etmək deyil, uşağı qərarın bir hissəsinə çevirmək daha effektivdir. Məsələn: “Səncə, dərslərinə, yuxuna və istirahətinə mane olmaması üçün telefon vaxtını necə bölə bilərik?” Bu cür yanaşma uşağın özünənəzarət bacarığının formalaşmasına kömək edir.

Elmi araşdırmalarda da ekran istifadəsinə yalnız “neçə saat?” prizmasından baxılmır. İstifadənin məzmunu, məqsədi, günün hansı saatında baş verməsi və uşağın yuxusunu, fiziki fəaliyyətini, dərsini, ailə münasibətlərini və real sosial ünsiyyətini əvəz edib-etməməsi də mühüm hesab olunur. Xüsusilə yatmazdan əvvəl uzun müddət ekran qarşısında qalmaq yuxu rejiminə mənfi təsir göstərə bilər.

Mən valideynlərə bir məqamı xüsusilə vurğulamaq istəyirəm: uşağa qoyduğumuz qaydanın ən güclü modeli öz davranışımızdır. Əgər valideyn yemək masasında, söhbət zamanı və yatmazdan əvvəl daim telefondadırsa, uşağa “telefonu kənara qoy” demək inandırıcı görünməyəcək.

Ona görə ailədə ümumi “ekransız zamanlar” müəyyənləşdirmək daha sağlamdır: yemək zamanı, ailə söhbətlərində və yatmağa yaxın telefonların kənara qoyulması kimi. Məhdudiyyət əvvəlcədən məlum, ardıcıl və yaşa uyğun olmalıdır; uşağın həmin vaxtını isə idman, oyun, yaradıcılıq və canlı ünsiyyət kimi alternativlərlə doldurmaq lazımdır.

Ən əsası, məqsəd uşağın telefonunu əlindən almaq deyil. Məqsəd odur ki, uşaq zamanla telefonu nə vaxt kənara qoymalı olduğunu özü bacarsın. Çünki sağlam tərbiyənin nəticəsi daimi valideyn nəzarəti deyil, uşağın öz davranışını idarə edə bilməsidir".