Azərbaycanın nəqliyyat və logistika layihələrinə, xüsusilə regionlararası dəhlizlərə verdiyi önəm ölkəyə neft-qazdan kənar yeni və dayanıqlı gəlir mənbələri yaratmaq imkanı verir. Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit qovşağına çevrilmək üçün ciddi üstünlük yaradır". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz, Şimal-Cənub marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycanın tranzit yükdaşımalarından daha çox gəlir əldə etməsinə şərait yarada bilər. Bununla yanaşı, logistika mərkəzlərinin, anbarların, gömrük və nəqliyyat xidmətlərinin inkişafı yeni biznes imkanları və iş yerləri formalaşdıracaq:
"Ən mühüm məqam isə Azərbaycanın sadəcə yükün keçdiyi ölkə deyil, həmin yükə əlavə dəyər yaradan logistika və ticarət mərkəzinə çevrilməsidir. Yüklərin burada çeşidlənməsi, saxlanması, qablaşdırılması və digər xidmətlərin göstərilməsi tranzitdən əldə olunan gəliri əhəmiyyətli dərəcədə artıra bilər.
Kommunikasiyaların genişlənməsi Azərbaycanın ixracatçıları üçün də yeni imkanlar açacaq. Xüsusilə qeyri-neft məhsullarının Türkiyə, Avropa, Mərkəzi Asiya və digər bazarlara daha sürətli və rəqabətli şəkildə çıxarılması kənd təsərrüfatı və sənaye məhsullarının ixracını stimullaşdıra bilər. Eyni zamanda, Azərbaycan regional təchizat zəncirlərinin mühüm halqasına çevrilməklə xarici investisiyalar üçün daha cəlbedici ölkə ola bilər.
Bu proses uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadiyyatını daha çox şaxələndirə, tranzit və logistikanın ÜDM-də rolunu artıra və ölkənin regiondakı iqtisadi əhəmiyyətini daha da gücləndirə bilər".