Kiçik və orta miqyaslı layihələr, xüsusilə Afrika ölkələrində kənd təsərrüfatı və heyvandarlıq sahələrində daha effektiv nəticələr verir.
SİA xəbər verir ki, bunu Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Abdullah Eren “Dayanıqlı inkişaf və səmərəli humanitar yardım üçün tərəfdaşlıqlar” panel müzakirəsində çıxışı zamanı deyib.
A.Eren bildirib ki, o, artıq bir ildən çoxdur ki, bu qurumda fəaliyyət göstərir. Daha əvvəl YTB-də çalışdığını və YTB seminarlarının rəhbəri olduğunu deyən TİKA prezidenti Baş nazirin Aparatında aparat rəhbəri, daha sonra isə Prezidentin baş müşaviri vəzifəsində çalışdığını qeyd edib.
Onun sözlərinə görə, xüsusilə Afrika ölkələrində kənd təsərrüfatı və heyvandarlıq sahəsində gəlir gətirən layihələr böyük əhəmiyyət daşıyır.
“Biz də kənd təsərrüfatı sahəsində bir sıra layihələr həyata keçiririk və yaxşı nəticələr əldə edirik. Somali və digər ölkələrin kənd təsərrüfatı nazirləri ilə də əməkdaşlıq edirik”, - deyə A.Eren vurğulayıb.
O qeyd edib ki, kiçikmiqyaslı layihələr vasitəsilə daha yüksək effektivliyə və yaxşı nəticələrə nail olmaq mümkündür.
A.Eren Türkiyə-Azərbaycan əməkdaşlığına da toxunaraq bildirib ki, son 20 il ərzində ölkələr arasında, xüsusilə xüsusi münasibətlər sayəsində mühüm işlər görülüb.
“İnşallah, bu qarşılıqlı anlaşmanı və əməkdaşlığı digər sahələrə də genişləndirəcəyik”, - deyə o bildirib.
TİKA prezidenti əlavə edib ki, dekabr ayında Türk Dövlətləri Təşkilatının himayəsi altında Türk İnkişaf Platformasının yaradılması planlaşdırılır.
A.Eren Türkiyənin bu il G20-yə ev sahibliyi edəcəyini və tədbirin Antalyada keçiriləcəyini də diqqətə çatdırıb.
O bildirib ki, Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.
“140-dan çox ölkə ilə əməkdaşlıq təcrübəsinə malikəm və hesab edirəm ki, bu təcrübə üç ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər”, - deyə A.Eren qeyd edib.
TİKA prezidenti çıxışının sonunda AIDA-nın 15 illiyi münasibətilə təbriklərini çatdırıb və qurumun fəaliyyətinə töhfə verən əməkdaşlara təşəkkür edib.