İsrailin Baş naziri Benyamin Netanyahu "Haaretz" qəzeti üzərində böhtan iddiası qaldıracağını açıqlayıb. Səbəb qəzetin 7 oktyabr 2023-cü il hücumundan bir neçə gün əvvəl BƏƏ prezidentinin onu xəbərdar etdiyi barədə dərc etdiyi reportajdır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Haaretz" çərşənbə axşamı dərc etdiyi yazıda iddia edib ki, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan 2023-cü il sentyabrın sonlarında Abu-Dabidən Netanyahuya 45 dəqiqəlik telefon zəngi edib. Zəng zamanı o, HƏMAS lideri Yəhya Sinvarın "bütün regionu destabilizə edəcək böyük əməliyyat" planlaşdırdığını bildirib. Məlumatın Sinvarın vasitəçi vasitəsilə BƏƏ-yə çatdırdığı "dəhşətli zəlzələ" xəbərdarlığına əsaslandığı deyilir.
Qəzet yazır ki, BƏƏ səfirliyinin nümayəndəsi xüsusi şifrələnmiş telefon cihazı ilə Netanyahunun ofisinə gələrək bu zəngin təhlükəsizliyini təmin edib.
Netanyahu X platformasında paylaşdığı açıqlamada reportajı "saxta" və "yalan" adlandırıb. O, vəkillərinə "Haaretz"ə və məqalənin müəllifləri Şlomi Eldar və Rut Yuvala qarşı məhkəmə iddiası qaldırmağı tapşırdığını bildirib.
Baş nazirin ofisi bəyan edib ki, sentyabrın əvvəlindən 7 oktyabra qədər Netanyahu ilə BƏ prezidenti arasında heç bir telefon danışığı olmayıb. Ofisin, Milli Təhlükəsizlik Şurasının və hərbi katibin zəng qeydləri və ofisə giriş jurnalları yoxlanılıb, BƏ nümayəndəsinin gəlişinə dair heç bir qeyd tapılmayıb.
Ofis həmçinin bunu "solun seçki kampaniyası çərçivəsində hazırlanmış hiyləgər plan" adlandırıb və oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl "daha çox yalançı ssenarilərin" olacağını xəbərdar edib.
BƏƏ Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, hökumət liderlər arasında danışıqlarla bağlı mediada yayılan məlumatları şərh etmir. Nazirlik həmçinin vurğulayıb ki, 2020-ci ildə münasibətlər qurulduqdan sonra BƏƏ və İsrail arasında "açıq və birbaşa ünsiyyət xətləri" mövcuddur və lazım olduqda bütün müvafiq kəşfiyyat məlumatları mübadilə olunur.
"Haaretz" isə öz növbəsində məlumatın arxasında dayandığını bildirilir. Jurnalist Şlomi Eldar CNN-ə deyib: "Bu doğrudur. Bu reportaj üzərində bir il yarımdır işləyirəm. Sənədim, qeydlərim, hər şeyim var ki, BƏƏ prezidenti 7 oktyabrdan bir həftə yarım əvvəl Netanyahu-ya zəng edərək Yəhya Sinvarın İsrailə böyük hücum planlaşdırdığı barədə xəbərdarlıq edib"