“Azərbaycan xarici ölkələrdən olan tələbələr üçün əlavə təhsil imkanları yaradır” -EMİN ƏMRULLAYEV

10 Sentyabr 2026 11:36 (UTC+04:00)

Azərbaycan hökumətlərarası təqaüd proqramları və təhsil sahəsində digər ikitərəfli razılaşmalar çərçivəsində xarici tələbələr üçün əlavə təhsil imkanları təqdim edir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da çıxışı zamanı deyib.

Nazir bildirib ki, Çin, Macarıstan, Mərakeş, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rumıniyadan olan tələbələr Azərbaycanda təhsil almaq üçün qəbul edilir.

Onun sözlərinə görə, ikitərəfli razılaşmalar əsasında Ruanda, Somali və İordaniyadan olan tələbələr üçün də Azərbaycanda ali təhsil almaq məqsədilə xüsusi yerlər ayrılır.

E.Əmrullayev qeyd edib ki, təhsil sahəsində beynəlxalq əməkdaşlıq yalnız xarici tələbələrin Azərbaycanda təhsil alması ilə məhdudlaşmır. Onun sözlərinə görə, Azərbaycan son illərdə STEAM əsaslı təhsili, tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq və problemlərin həlli bacarıqlarını birləşdirən fənlərarası yanaşmanın formalaşdırılmasına əhəmiyyətli investisiyalar yatırıb.

Nazir vurğulayıb ki, Azərbaycanın təcrübəsinə əsaslanaraq Qırğızıstanda Heydər Əliyev adına Məktəb-Gimnaziyada və Özbəkistanda Abdulla Avloni adına Milli Pedaqoji Mükəmməllik İnstitutunda STEAM mərkəzləri yaradılıb.

“Ölkələr yalnız maliyyə resursları ilə deyil, həm də milli təcrübələrində səmərəliliyini sübut etmiş bilikləri, metodologiyaları və həlləri bölüşməklə töhfə verə bilərlər”, - deyə nazir bildirib.

E.Əmrullayev əlavə edib ki, bu cür əməkdaşlıq humanitar ehtiyaclara cavab vermək və davamlı inkişafa töhfə vermək üçün kollektiv imkanları gücləndirir.

Nazir AIDA-nın 15 illiyi münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığının növbəti mərhələsində akademik tərəfdaşlıqların gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də tərəfdaş ölkələrdə bacarıqlı və rəqabətqabiliyyətli insan kapitalının inkişafı üçün yeni imkanlar yaradılacaq.