Yəməndə münaqişə yenidən şiddətlənib. İran dəstəkli husilər keçən həftə Hudeydə və Taiz vilayətlərində Bab əl-Məndəb boğazına doğru irəliləmək məqsədilə genişmiqyaslı hücuma başlayıblar. Buna cavab olaraq Səudiyyə dəstəkli hökumət qüvvələri də əks-hücumlar edərək Sənaa'ya açılan qapı hesab edilən əl-Cəvf vilayətində əməliyyatları genişləndiriblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, döyüşlər Səudiyyə Ərəbistanına da sıçrayıb. Səudiyyə rəhbərliyindəki koalisiyanın sözçüsü general-mayor Turki əl-Maliki çərşənbə günü bildirib ki, husilər Xəmis Muşayt, Əbha və Cazan şəhərlərini ballistik raket və dronlarla hədəf alıblar. O, koalisiyanın bu "qəddar hücumlara" cavab verəcəyini deyib.
Səudiyyə Ərəbistanının mülki müdafiə orqanı da çərşənbə və cümə axşamı Xəmis Muşayt və Əbha üçün bir neçə xəbərdarlıq edib. Rəsmilərin sözlərinə görə, son hücumlardan sonra təhlükə keçib və xəbərdarlıq ləğv edilib.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə Səudiyyə qüvvələrinin 12 saat ərzində Yəmənin 6 vilayətində 54 hava zərbəsi endirdiyini açıqlayıb. Hədəflər arasında əl-Cəvf, Marib, Taiz, Hudeydə, Səada və əl-Beyda olub. Səri bildirib ki, "bu hücumlar cavabsız qalmayacaq".