“COP29-da 2035-ci ilədək illik 300 milyard dollarlıq iqlim maliyyəsi hədəfi müəyyənləşib” -CEYHUN BAYRAMOV

10 Sentyabr 2026 11:27 (UTC+04:00)

İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsinin genişləndirilməsi 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29-da Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olub.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi" mövzusunda keçirilən konfransda bildirib.

Konfrans Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illiyinə həsr olunub.

XİN başçısı xatırladıb ki, COP29-da 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin ayrılmasını nəzərdə tutan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) müəyyən edilib.

Bununla yanaşı, 2035-ci ilə qədər illik iqlim maliyyəsi axınının 1,3 trilyon dollara qədər artırılmasına yönəlmiş "Bakıdan Belemə" Yol Xəritəsi qəbul olunub.

"İnkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi təkcə ekoloji çağırış deyil. Bu, həm də inkişaf, maliyyə və humanitar sahələrdə problemdir. Onun həlli maliyyə resurslarının texniki təcrübə, institusional potensialın gücləndirilməsi və insan kapitalına investisiya qoyuluşu ilə birləşdirilməsini tələb edir", - C.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın COP29 sədrliyi irsinin mühüm bir hissəsi Bakı İqlim və Sülh üzrə Fəaliyyət Habıdır (Baku Climate and Peace Action Hub). O, iqlim dəyişikliklərinə həssas olan və münaqişələrdən əziyyət çəkən dövlətlərin maraqları naminə praktiki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Nazir qeyd edib ki, Bakı Habı dəstəyin səfərbər edilməsi, milli potensialın gücləndirilməsi və həssas ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış konkret pilot layihələrin işlənib hazırlanması məqsədilə hökumətləri, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirir.