Azərbaycanda yaradılmış "ASAN Xidmət" modeli bu gün bütün dünyada 800 milyondan çox insana - planet əhalisinin təxminən 10 %-nə xidmət göstərən 600-dən artıq mərkəzdə tətbiq edilir.
SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi" mövzusunda konfransda bildirib.
Konfrans Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illiyinə həsr olunub.
Onun sözlərinə görə, ASAN sisteminin yaradılması və uğurla tətbiqi Azərbaycanın inkişaf göstəricilərindən biridir.
"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi üçün omnikanal sistem kimi yaradılan "ASAN Xidmət" bürokratiyanı səmərəliliklə əvəzləyərək, eləcə də şəffaflığı və innovasiyaları təşviq edərək vətəndaş-dövlət münasibətlərini transformasiya edib", - Ü.Mehdiyev bildirib.
O qeyd edib ki, hesabatlılıq və sadəlik prinsiplərinə əsaslanan ASAN modeli həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınan səmərəli dövlət idarəçiliyi simvoluna çevrilib.