Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı Azərbaycan Respublikası Prezidentinin 2023-cü ildə imzaladığı sərəncamla təsis edilib. Proqram çərçivəsində beş il ərzində 500 beynəlxalq tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradılır.
SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da çıxışı zamanı deyib.
Nazir bildirib ki, proqramın ilk ilində 35 ölkədən 100 tələbəyə qrant verilib. Növbəti ildə isə proqramın coğrafi əhatə dairəsi 51 ölkəyə genişlənib.
E.Əmrullayev qeyd edib ki, proqramın əhəmiyyətini yalnız rəqəmlərlə ölçmək olmaz. Onun sözlərinə görə, proqram İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərdən, kiçik ada dövlətlərindən, eləcə də Azərbaycanın tarixi və mədəni əlaqələrinin olduğu ölkələrdən olan gəncləri bir araya gətirir.
Nazir vurğulayıb ki, proqram yalnız təhsil imkanları yaratmır, həm də dialoq, qarşılıqlı anlaşma və uzunmüddətli əlaqələrin qurulmasına şərait yaradır.
O bildirib ki, Azərbaycan hökumətlərarası təqaüd proqramları və təhsil sahəsində digər ikitərəfli razılaşmalar çərçivəsində də əlavə təhsil imkanları təqdim edir. Çin, Macarıstan, Mərakeş, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rumıniyadan olan tələbələr Azərbaycanda təhsil alırlar.
E.Əmrullayevin sözlərinə görə, ikitərəfli razılaşmalar əsasında Ruanda, Somali və İordaniyadan olan tələbələr üçün də Azərbaycanda ali təhsil almaq məqsədilə xüsusi yerlər ayrılır.
Nazir qeyd edib ki, Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq siyasəti yalnız ölkədə təhsil almaq imkanlarının yaradılması ilə məhdudlaşmır. Onun sözlərinə görə, son illərdə Azərbaycanda STEAM əsaslı təhsili əhatə edən və şagirdlərdə tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq və problemlərin həlli kimi bacarıqları inkişaf etdirən fənlərarası yanaşmaya böyük diqqət yetirilir.
O əlavə edib ki, Azərbaycanın təcrübəsi əsasında Qırğız Respublikasında Heydər Əliyev adına Məktəb-Gimnaziyada və Özbəkistan Respublikasında Abdulla Avloni adına Milli Pedaqoji Mükəmməllik İnstitutunda STEAM mərkəzləri yaradılıb.