Hər bir nailiyyət gələcəyə sərmayədir

9 Sentyabr 2026 17:43 (UTC+04:00)

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının XI konfransı keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, partiyanın gücü onun milli maraqlar, azərbaycançılıq ideologiyası və dövlətçilik prinsipləri ətrafında birləşən üzvlərinin vahid mövqeyindən qaynaqlanır. E.Əhmədov hesabat dövründə YAP Salyan rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın davamlı inkişafını təmin etdiyini bildirib. O qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyinin tam bərpa olunması Azərbaycanın gücünü və beynəlxalq nüfuzunu daha da artırıb. R.Xəlilovun sözlərinə görə, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Konfransda çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır: “Son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir”.

O qeyd edib ki, bu tarixi uğurların əldə olunmasında ölkəmizin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının xüsusi rolu var: “Hər bir nailiyyət gələcəyə sərmayədir. YAP bu gün qarşıya qoyulan hədəflərin reallaşdırılmasına öz töhfəsini verir”.

Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyindən bəhs edib. O qeyd edib ki, VII Qurultaydan sonra partiyanın fəaliyyətində müasir çağırışlara uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm addımlar atılıb.

Salyan rayonu Statistika İdarəsinin rəisi, ərazi partiya təşkilat sədri Elnur Hüseynov və Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədr müavini Nübar Bayramova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində fəal rol oynadığını bildiriblər.

Konfransda YAP Salyan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına YAP nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.