Misirdə tanınmış teleaparıcı edam cəzasına məhkum edildi

9 Sentyabr 2026 12:44 (UTC+04:00)

Misirdə tanınmış televiziya aparıcısı Sara Xəlifə və daha 11 nəfər narkotik maddələrin hazırlanması və qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə ölüm hökmünə məhkum edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Misirin dövlət mediasının yaydığı məlumata görə, Qahirə məhkəməsi 39 yaşlı Sara Xəlifə və digər 11 təqsirləndirilən şəxsi edam cəzasına məhkum edib.

Xəlifə daha əvvəl “Mission Impossible” adlı televiziya proqramının aparıcısı kimi tanınıb. Verilişdə əsasən təhlükəsizlik və cinayətkarlıqla bağlı məsələlər müzakirə olunurdu. O, eyni zamanda kosmetik cərrahiyyə klinikasına və tədbirlərin təşkili ilə məşğul olan şirkətə sahibdir.

Məhkəmə təqsirləndirilən şəxsləri narkotik maddələrin hazırlanması üçün istifadə olunan xammalın əldə edilməsi və qanunsuz dövriyyə məqsədilə təşkilatlanmış cinayətkar dəstə yaratmaqda, həmçinin lisenziyasız odlu silah və sursat saxlamaqda təqsirli bilib.

Misirin “Əl-Əhram” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanları əməliyyat zamanı 750 kiloqramdan çox narkotik maddə və narkotiklərin hazırlanmasında istifadə olunan xammal aşkarlayıb. Bundan başqa, iki mənzilin narkotik maddələrin hazırlanması üçün laboratoriya kimi istifadə edildiyi müəyyənləşdirilib. Həmin ünvanlarda qanunsuz odlu silah və sursat da aşkar olunub.

İş üzrə ölüm hökmü çıxarılmazdan əvvəl məhkəmə Misirin Böyük Müftisinin rəyini də alıb. Ölkə qanunvericiliyinə əsasən, ölüm cəzası nəzərdə tutulan işlərdə belə dini rəy tələb olunur.

Sara Xəlifə və digər şəxslər ayrıca iş üzrə də gənc bir şəxsin oğurlanması və döyülməsində təqsirli bilinib və bu ittiham üzrə beş il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Misirdə qəsdən adam öldürmə, terrorçuluq, bəzi zorlama halları və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi cinayətlərə görə ölüm cəzası tətbiq olunur. Məlumata görə, 2025-ci ildə Misirdə 541 ölüm hökmü çıxarılıb.