ABŞ Kanada mallarının bir hissəsinin idxalını qadağan edir

9 Sentyabr 2026 09:36 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası sentyabrın 29-dan etibarən Kanadadan bir sıra məhsulların idxalını qadağan etmək qərarına gəlib.

SİA xarici KİV- ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sentyabrın 8-də açıqladığı sənədlərdə bildirilib.

Qadağa bəzi spirtli içkilər, süd məhsulları və motosikletlərə şamil olunacaq. Vaşinqton qərarı Kanada tərəfinin ticarət sahəsində “ayrı-seçkilik xarakterli addımları” ilə əsaslandırıb.

Bundan başqa, ABŞ 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyi Kanada məhsullarının siyahısını genişləndirib. Sentyabrın 15-dən qüvvəyə minəcək siyahıya bəzi alüminium və polad məmulatları, mebel və kağız məhsulları daxil edilib. Sement və texniki duz isə siyahıdan çıxarılıb.

Tramp bundan əvvəl Kanada məhsullarının illik 50 milyard dollar həcmində ABŞ dövlət satınalmaları planlarından çıxarılması barədə müvafiq qurumlara göstəriş verib.

Kanadanın Baş naziri Mark Karni isə ABŞ ilə ticarət danışıqlarını dayandırdığını və Vaşinqtonun addımlarına cavab olaraq rüsumların tətbiq ediləcəyini açıqlayıb. O, iki ölkə arasında “ticarət müharibəsi”nin başladığını bildirib.

Ayşən Vəli