Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində sentyabrın 5-də baş vermiş sel nəticəsində azı 12 nəfər həlak olub.
SİA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Sel sentyabrın 5-də səhər saatlarında Tszyan şəhər dairəsində baş verib. Hazırda bir nəfər itkin düşmüş hesab olunur. Sel nəticəsində səkkiz ev tamamilə dağılıb, daha dörd evə isə cüzi ziyan dəyib.
Bundan əvvəl beş nəfərin öldüyü, yeddi nəfərin isə itkin düşdüyü bildirilmişdi.
Fəlakət bölgəsində 170-dən çox şəxsin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Həmçinin yolların möhkəmləndirilməsi və təkrar geoloji fəlakətlərin qarşısının alınması məqsədilə mühəndis işləri aparılır.
Qeyd edək ki, bundan əvvəl bölgə “Saudel” tayfununun təsirinə məruz qalıb və nəticədə uzunmüddətli leysan yağışları yağıb.