Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.
Səfər çərçivəsində sentyabrın 8-də YAP-ın nümayəndələri və ÇKP nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.