Yeni dövr şanlı qələbələrlə başlayıb, möhtəşəm uğurlarla davam edir

8 Sentyabr 2026 16:53 (UTC+04:00)

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının XI konfransı keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ətraflı danışıb. R.Əliyev bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz misilsiz nailiyyətlər əldə edib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramlarının Yevlaxda uğurla icra olunduğunu bildirib. O, partiya fəallarının bu istiqamətdə görülən işlərə mühüm töhfələr verdiklərini diqqətə çatdırıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında Azərbaycanın əldə etdiyi tarixi qələbələrə, ölkəmizdə hüquqi dövlət quruculuğu və demokratik inkişaf istiqamətində həyata keçirilən islahatlara diqqəti cəlb edib. Komitə sədri qeyd edib ki, müasir dövrdə əldə olunan misilsiz nailiyyətlər dövlətimizin qüdrətinin və ölkəmizin inkişaf potensialının göstəricisidir. O, bu strateji inkişaf xəttinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının vahid ideoloji platforma kimi mühüm rol oynadığını bildirib.

Milli Məclisin deputatı İlham Məmmədov ölkəmizdə formalaşmış xalq-iqtidar birliyindən bəhs edib. O, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, əldə olunan mühüm nəticələrin dayanıqlı inkişafı və milli həmrəyliyi daha da gücləndirdiyini qeyd edib. Deputat Yeni Azərbaycan Partiyasının cəmiyyətin etimadını qazanan aparıcı siyasi qüvvə kimi ölkənin inkişaf prosesində fəal rol oynadığını vurğulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev çıxışında partiyada yüksək səviyyəli nizam-intizamın və gənclərin siyasi proseslərə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, “Yevlax rayon təşkilatının fəalları dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirir”, - deyə vurğulayıb.

Konfransda YAP Yevlax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.