Şəhərlərin real təcrübəsi qlobal baxışa inteqrasiya olunmalıdır.
SİA xəbər verir ki, bunu UNESCO-nun İnklüziv və Davamlı Şəhərlərin Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zaççiroli "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026)"nın 2-ci günündə deyib.
O bildirib ki, dayanıqlı inkişafın və iqlim fəaliyyətinin əsasını ədalət prinsipləri təşkil edir: "2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) açıqlanan zaman şəhərlər şəbəkəsi olaraq iki əsas sözü – inteqrasiya və dayanıqlılığı önə çəkdik. Bunları birləşdirdikdə ortaya tək bir məfhum çıxır: ədalət. Bu, həm ətraf mühit, həm də sosial ədalətdir. BMT-nin "heç kimi arxada qoymamaq" prinsipi iqlim fəaliyyətinə də şamil olunmalıdır. Adaptasiya və iqlimə dözümlülük məsələlərində şəhərlər təkbaşına buraxıla bilməz".
B.Zaççiroli vurğulayıb ki, qlobal iqlim qərarlarının qəbul edilən zaman beynəlxalq şəhərlər şəbəkəsinin fikirlərinə də diqqət yetirilməlidir: "Əgər şəhər səviyyəsində konkret praktiki addımlar atılarsa, bu, hər kəsin gələcəyi üçün faydalı olardı. Ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mesajları COP konfranslarına çatacaq və şəhərlərin real praktiki təcrübəsi qlobal baxışa inteqrasiya olunacaq".