"Azərbaycan Xəzərdə hərbi-dəniz potensialını gücləndirir" - HƏRBİ EKSPERT

8 Sentyabr 2026 16:51 (UTC+04:00)

"Hər bir yeni və müasir hərbi təyinatlı vasitə – istər silah, istərsə də müxtəlif təyinatlı texnologiyalar – ölkənin və ordunun ayrı-ayrı istiqamətlər üzrə imkanlarını və potensialını gücləndirir, döyüş qabiliyyətini artırır". Bu fikirləri SİA-ya açıqlaması zamanı hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan dəniz ölkəsidir və Xəzər dənizində ölkəmiz üçün olduqca əhəmiyyətli strateji obyektlər yerləşir: "Neft yataqları, o cümlədən “Neft Daşları”, eləcə də ölkənin əsas iqtisadi və strateji məntəqələrinin bir hissəsi Xəzər dənizində yerləşir. Bu baxımdan Azərbaycan öz sahil sularının və Xəzər dənizində ona aid olan ərazilərin müdafiəsini və mühafizəsini yüksək səviyyədə təmin etməlidir.

Bu baxımdan Xəzər dənizində hərbi potensialımızın gücləndirilməsinə ehtiyac var. Yeni pilotsuz və insansız dəniz vasitələri müasir hərbi tələblərə və texnoloji standartlara cavab verən avadanlıqlardır. Bu cür texnologiyalar Xəzər dənizinin Azərbaycan hissəsinin daha effektiv və operativ şəkildə qorunmasına, eləcə də mümkün təhlükələrə qarşı müdafiə imkanlarının artırılmasına şərait yarada bilər.

Eyni zamanda, bir məqamı da unutmamalıyıq: Xəzər dənizi sülh və əməkdaşlıq məkanıdır. Xəzər akvatoriyasında yerləşən ölkələr arasında münasibətlər əsasən tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu baxımdan Xəzər dənizində hərbi potensialın, o cümlədən hərbi-dəniz qüvvələrinin gücləndirilməsi hər hansı bir ölkəyə qarşı yönəlmir, ilk növbədə ümumi təhlükəsizlik çağırışlarına qarşı müdafiə imkanlarının artırılmasına xidmət edir.

Ümumiyyətlə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yenilənməsi və modernləşdirilməsi ilə bağlı layihələr uzun müddətdir gündəmdədir. Bu istiqamətdə illər ərzində müəyyən addımlar atılır, danışıqlar aparılır və müxtəlif layihələr nəzərdən keçirilir. Bakıda keçirilən müdafiə sənayesi sərgilərində Azərbaycan hökuməti, dövlət qurumları və aidiyyəti strukturlar müasir dəniz vasitələri ilə yaxından tanış olur.

Hesab edirəm ki, gələcəkdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin daha optimal və səmərəli şəkildə yenilənməsi və modernləşdirilməsi həyata keçiriləcək. Bununla da Azərbaycan Xəzər dənizində öz milli maraqlarının və strateji obyektlərinin təhlükəsizliyini təmin etmək baxımından daha güclü müdafiə və mühafizə potensialına malik ölkələrdən birinə çevriləcək".