Kifayət qədər yatmağınıza və istirahət etməyinizə baxmayaraq gün ərzində özünüzü enerjisiz və halsız hiss edirsinizsə, bunun səbəbi yalnız yorucu həyat tərzi olmaya bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, xroniki yorğunluq orqanizmdə müəyyən vitamin və mineral çatışmazlığından tutmuş hormonal və digər sağlamlıq problemlərinə qədər müxtəlif səbəblərlə bağlı ola bilər.
Səhərlər yuxudan oyandıqda dincəlmiş hiss etməmək, gün ərzində halsızlıq yaşamaq və istirahətdən sonra belə enerjinin bərpa olunmaması diqqətdən kənarda saxlanılmamalıdır. Xüsusilə bu vəziyyət bir neçə həftə davam edir və gündəlik fəaliyyətə təsir göstərirsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək tövsiyə olunur.
1. Dəmir çatışmazlığı
Orqanizmdə dəmirin azalması enerji çatışmazlığı və halsızlıqla nəticələnə bilər. Bununla yanaşı diqqətin zəifləməsi, saç tökülməsi və ümumi zəiflik də müşahidə edilə bilər. Dəmir çatışmazlığı uzun müddət davam etdikdə qanazlığına səbəb ola bilər. Menstruasiya zamanı çox qan itirən qadınlarda bu risk daha yüksəkdir.
1. Vitamin çatışmazlığı
B12, folat və D vitamininin aşağı səviyyədə olması da yorğunluqla əlaqələndirilir. B12 çatışmazlığı zamanı diqqət və yaddaş problemləri, baş ağrısı və bəzi nevroloji əlamətlər yarana bilər. Folatın çatışmazlığı qanazlığına, D vitamininin aşağı olması isə bəzi hallarda əzələ zəifliyinə və enerji azalmasına səbəb ola bilər.
1. Qalxanabənzər vəzinin fəaliyyəti
Hipotireoz zamanı qalxanabənzər vəz orqanizmin ehtiyac duyduğu qədər hormon istehsal etmir. Nəticədə maddələr mübadiləsi zəifləyir və insan özünü davamlı yorğun hiss edə bilər. Yorğunluqla yanaşı üşümə, çəki artımı, qəbizlik, dərinin quruması və saç tökülməsi də varsa, qalxanabənzər vəzin yoxlanılması məqsədəuyğundur.
1. Yuxu apnesi
Uzun müddət yatmasına baxmayaraq səhərlər yorğun oyanan insanlarda yuxu apnesi də ehtimal edilə bilər. Güclü xoruldama, yuxu zamanı nəfəsin qısa müddətə dayanması, səhər baş ağrıları və gün ərzində yuxululuq bu problemin əsas əlamətləri sırasındadır.
1. Yüksək qan şəkəri
Davamlı halsızlıq diabet və ya qan şəkərinin uzun müddət yüksək qalması ilə də əlaqəli ola bilər. Tez-tez susamaq, çox sidiyə getmək, ağız quruluğu, görmənin bulanıqlaşması və səbəbsiz çəki dəyişiklikləri də varsa, qan şəkərinin ölçdürülməsi vacibdir.
1. Yanlış qidalanma və kifayət qədər su içməmək
Gündəlik rasionda zəruri qida maddələrinin az olması, uzun müddət ac qalmaq və həddindən artıq şəkərli və emal olunmuş qidalardan istifadə enerji səviyyəsinə mənfi təsir göstərə bilər. Susuz qalmaq da halsızlıq, diqqət dağınıqlığı və yorğunluq yarada bilər. Bu səbəbdən balanslı qidalanma və kifayət qədər maye qəbulu önəmlidir.
1. Stress və depressiv vəziyyət
Yorğunluğun arxasında hər zaman fiziki səbəb dayanmır. Uzunmüddətli stress, emosional tükənmə və depressiya insanın gündəlik fəaliyyət üçün belə kifayət qədər enerji hiss etməməsinə səbəb ola bilər. Əhvalın uzun müddət aşağı olması, əvvəl zövq alınan fəaliyyətlərə marağın itməsi, yuxu və diqqət problemləri də müşahidə edilirsə, psixoloji vəziyyət qiymətləndirilməlidir.
1. Oynaq problemləri
Yorğunluq oynaq ağrıları ilə birlikdə meydana çıxırsa, revmatik xəstəliklər də nəzərdən keçirilməlidir. Xüsusilə səhərlər oynaq sərtliyi, şişkinlik, ağrı və hərəkət məhdudiyyəti müşahidə olunursa, mütəxəssis müayinəsi vacibdir.
Bəzən yorğunluq sadəcə yuxusuzluq və intensiv gündəlik həyatın nəticəsi ola bilər. Lakin normal yuxu rejiminə və düzgün qidalanmaya baxmayaraq halsızlıq həftələrlə davam edirsə, bunun səbəbini müəyyənləşdirmək lazımdır.
Yorğunluq getdikcə artır, gündəlik işlərə və həyat keyfiyyətinə təsir göstərirsə, özbaşına vitamin və ya dərman qəbul etmək əvəzinə həkim müayinəsindən keçmək daha doğru yanaşmadır.