Kənd təsərrüfatı bu transformasiyanın mühüm istiqamətlərindən biridir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə biz artıq aqrar xidmətlər və dövlət dəstəyi üçün güclü rəqəmsal baza yaratmışıq.
SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən Rəqəmsal transformasiya və süni intellekt: İqlimədavamlı kənd təsərrüfatının qurulması panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu gün isə növbəti mərhələyə qədəm qoyuruq – proseslərin sadəcə rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından ağıllı və səmərəli istifadəyə keçirik.
Kənd təsərrüfatı riskləri baş verdikdən sonra onlara reaksiya vermək əvəzinə, həmin riskləri əvvəlcədən proqnozlaşdırmaq və, əlbəttə ki, onlara daha erkən müdaxilə etmək.
Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin bu ilin may ayında təsdiq etdiyi 2026–2030-cu illər üzrə kənd təsərrüfatı və balıqçılıq, eləcə də akvakultura məhsullarının istehsalı və emalının inkişafı üzrə Dövlət Proqramı ilə tam şəkildə uzlaşır.
Dövlət Proqramı fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarını genişləndirməklə yanaşı, daha intensiv, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatı modelinə keçid üçün aydın istiqamət müəyyən edir.
Sənəddə rəqəmsallaşma, innovasiya, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə də sektorun inkişafının mühüm prioritetləri kimi müəyyənləşdirilir.
Bu baxımdan, bizim üçün rəqəmsal transformasiya, kənd təsərrüfatında məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsi getdikcə eyni gündəmin tərkib hissəsinə çevrilir.
Eyni zamanda, texnologiyanın özü bizim son məqsədimiz deyil. Süni intellektin real dəyəri onun sahədə yaratdığı dəyişikliklə ölçülür. Bu transformasiya isə inklüziv olmalıdır.