“Bakı İqlim Həftəsi 2026” aqrar çağırışların həlli üçün mühüm platformadır -TAHİR RZAYEV

8 Sentyabr 2026 11:24 (UTC+04:00)

Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliklərinə davamlılığının artırılması üçün qadın fermerlərin, gənclərin və elmi ictimaiyyətin potensialından daha geniş istifadə edilməli, yerli və beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi istiqamətində səylər birləşdirilməlidir.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə əməkdaşlığın ilkin nəticələri artıq özünü göstərir. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” həm ictimaiyyət, həm də Milli Məclis tərəfindən müsbət qarşılanıb. Dövlət Proqramı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ictimai müzakirələr də təşkil edilib.

Tahir Rzayev qeyd edib ki, fermerlər ölkədə kənd təsərrüfatının inkişafında əsas qüvvələrdən biridir. O, fermerlər üçün əlverişli şəraitin yaradılmasının, maliyyə imkanlarına çıxışın genişləndirilməsinin və səmərəli tərəfdaşlıq mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Komitə sədri FAO ilə əməkdaşlığın əhəmiyyətinə də toxunaraq bildirib ki, 2024-cü ildə keçirilən ilk Bakı İqlim Fəaliyyəti Həftəsi aktual məsələlərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevrilib.

Onun sözlərinə görə, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatının qarşılaşdığı çağırışların müzakirəsi və birgə həll yollarının müəyyənləşdirilməsi üçün mühüm beynəlxalq platforma rolunu davam etdirir.