“Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır" -MUXTAR BABAYEV

8 Sentyabr 2026 11:02 (UTC+04:00)

Kənd təsərrüfatında iqlim davamlılığı fermerə qədər çatmalıdır.

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı üçün bəlkə də ən böyük çağırış qeyri-müəyyənlikdir: "Bu, nə vaxt əkin aparacağımıza, nə qədər suyun əlçatan olacağına, hansı məhsulların yetişdirilə biləcəyinə və fermerlərin arxayınlıqla planlaşdırma aparıb investisiya qoyub-qoya bilməyəcəyinə təsir edir. Su bu çağırışın mərkəzində dayanır. Kənd təsərrüfatı yalnız kifayət qədər suyun olmasından deyil, həm də həmin suyun ehtiyac duyulduğu anda əlçatan olmasından asılıdır. Su sistemlərinin sərhədləri aşdığı və ölkələri birləşdirdiyi regionumuzda suya davamlılığın yaradılması həm də regional əməkdaşlıq tələb edir".

M. Babayev bildirib ki, lakin bu münasibətə əks tərəfdən də baxmaq lazımdır: "İqlim kənd təsərrüfatına təsir edir, lakin kənd təsərrüfatı da iqlimə təsir göstərir. Torpağı, suyu, heyvandarlığı, gübrələri və kənd təsərrüfatı tullantılarını necə idarə etməyimiz tullantıların həcminə, biomüxtəlifliyə və ekosistemlərin davamlılığına bilavasitə təsir göstərir. Ona görə də məqsədimiz sadəcə kənd təsərrüfatı istehsalını iqlim təsirlərindən qorumaq ola bilməz. Biz kənd təsərrüfatının özünün də daha davamlı, resurslardan daha səmərəli istifadə edən və iqlim həllərinin vacib hissəsinə çevrilməsini təmin etməliyik. Fermerlər üçün bu müzakirə çox praktiki əhəmiyyət kəsb edir. Davamlılıq quraqlıq və ya kəskin hava şəraiti yaxınlaşdıqda daha yaxşı məlumatlılıq və erkən xəbərdarlıq deməkdir. Bu, suya, məhsuldar torpaqlara, müvafiq texnologiyalara və uyğunlaşmaya sərmayə qoymaq üçün maliyyə resurslarına çıxış deməkdir. Uyğunlaşma sadəcə bir siyasət sənədi olaraq qala bilməz, o, fermerə qədər çatmalıdır".

Prezidentin nümayəndəsi qeyd edib ki, COP29 çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə təqdim edilən "Bakı Harmoniya – Fermerlər üçün İqlim Təşəbbüsü"nün də əsasında məhz bu anlayış dayanırdı: "Onun əsas məntiqi aktuallığını qoruyub saxlayır: beynəlxalq iqlim əməkdaşlığı, nəticə etibarilə, fermerlər üçün daha böyük davamlılığa və daha yaxşı şəraitə çevrilməlidir".