Məlum olduğu kimi, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib, insansız dəniz vasitələrinin praktiki sınaqları keçirilib.
SİA xəbər verir ki, Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizdə müşahidə ediən sürətli inkişafın Hərbi Dəniz Qüvvələrini də əhatə etdiyini bildirib:
“Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri sürətli inkişafını davam etdirib, böyük uğurlara və müvəffəqiyyətlərə nail olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə gəlişi, Müzəffər Ali Baş Komandana Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hərbi texnika ilə bağlı verilən məlumatlar, eləcə də həyata keçirilən praktiki testlər bunu bir daha sübut etdi. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan regionun şəriksiz hərbi lideri olmaqla yanaşı, qlobal miqyasda böyük hərbi gücə çevrilməkdədir. Hansı ki, müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər güc faktorunun əhəmiyyətini önə çıxarır, bu faktora birincilik qazandırır.
Bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin inkişafı dövlətimizin dəniz təhlükəsizliyinin möhkəmlənməsi, mümkün təhdid və təhlükələrdən müdafiəmiz baxımından həyati əhəmiyyətə malikdir.
Prezidentin Hərbi Dəniz Qüvvələrinə səfəri göğstərdi ki, dənizçilərimizin ixtiyarında yerli istehsal məhsulu olan dronlarla yanaşı, müxtəlif ölkələrin istehsalı olan müasir PUA-lar da mövcuddur. Bütün bu texnologiyalar Hərbi Dəniz Qüvvələrinə öz xidmətini yüksək səviyyədə qurmağa, mümkün təhlükələrə adekvat cavab verməyə imkan verir.
Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanın Hərbi Dəniz Qüvvələrində olması, şəxsi heyətlə görüşü hərbçilərimiz üçün ciddi mənəvi sitimul olacaq və onlar hər zaman olduğu kimi bundan sonra da öz uğurları və nailiyyətləri ilə bizləri sevindirməkdə davam edəcəklər”.