Türkiyənin 71 vilayətində əməliyyat - 1000-ə yaxın saxlanılan var

7 Sentyabr 2026 17:53 (UTC+04:00)

Türkiyənin Daxili İşlər Nazirliyi narkotik vasitə alverçilərinə qarşı keçirilən əməliyyatların nəticələrini ictimaiyyətə açıqlayıb.

SİA xəbər verir ki, Nazirliyin yaydığı bəyanata görə, son 10 gün ərzində 71 vilayətdə davam etdirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə ağır zərbə vurulub.

Narkotik vasitə alverçilərinə qarşı keçirilən əməliyyatlara 1 345 qrup, 3 360 əməkdaş, 11 hava nəqliyyatı vasitəsi və 43 narkotik axtarış iti cəlb olunub. Hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitə və həb aşkarlanaraq götürülüb.

Əməliyyatlar çərçivəsində ümumilikdə 2 ton 367 kiloqram narkotik vasitə, 4 milyon 34 min 459 ədəd narkotik həb aşkarlanıb, 894 şübhəli saxlanılıb.

Təhlükəsizlik qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti nəticəsində saxlanılan 894 şübhəlidən 424-ü məhkəmə orqanlarının qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisələrinə göndərilib.