2027-ci ilədək bərpa olunan enerji gücü və transsərhəd ötürücü dəhlizlərin inkişafı çərçivəsində ümumi gücü 2 giqavat olan 11 günəş və külək enerjisi layihəsi milli enerji sistemimizə inteqrasiya ediləcək.
SİA xəbər verir ki, bu sözləri “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Regional enerji bağlantısı üçün transsərhəd bərpa olunan enerji sertifikatları (REC-lər) panel sessiyasında Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Onun sözlərinə görə, gözləntilərimizə görə, bərpa olunan enerji mənbələrinin payı 2030-cu ilə qədər quraşdırılmış gücün 39 faizini, 2035-ci ilə qədər isə təxminən 43 faizini təşkil edəcək.
Yalnız gələn ilin sonunadək 2 giqavatlıq bərpa olunan enerji gücünün istifadəyə verilməsi nəticəsində 5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq, təxminən 1,1 milyard kubmetr qaz qənaət ediləcək və illik 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.
2032-ci ilədək quruda və dənizdə ümumilikdə 8 giqavata yaxın bərpa olunan enerji gücünün yaradılmasını planlaşdırırıq. Bu enerjini dörd interkonnektor vasitəsilə ixrac edəcək, həmçinin təmiz enerji ilə işləyən məlumat mərkəzlərini və süni intellekt mərkəzlərini təmin edəcəyik.
Lakin bərpa olunan enerji istehsalı güclərinin artırılması qarşıda duran problemin yalnız bir hissəsidir. Hazırda Mərkəzi Asiyadan Avropaya qədər uzanan regionda enerji bağlantıları sürətlə dəyişir və enerji coğrafiyasını yenidən formalaşdırır.
Daha çox inteqrasiya olunmuş regional enerji sistemi vizyonu artıq dörd əsas dəhliz vasitəsilə konkret layihələrdə öz əksini tapır:
Bu layihələri regional və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində həyata keçiririk. Bu əməkdaşlıq daha əlaqəli, təhlükəsiz və dayanıqlı gələcəyin qurulmasına dair ortaq öhdəliyimizi əks etdirir.