"Mənzil bazarında qiymət artımı sosial problemi dərinləşdirir" - EKSPERT DANIŞDI

7 Sentyabr 2026 15:13 (UTC+04:00)

"Mən hesab edirəm ki, artıq 2026-cı ilin ortaları ilə sonları arasındayıq və belə bir vəziyyətdə mənzil qiymətlərinin hələ də yüksək olaraq qalması, ümumiyyətlə, son dövrlərdə artması daşınmaz əmlak sektorunun sağlam inkişaf göstəricisi deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan kontekstində, əhalinin gəlirlərinin artımının dayanması və bir çox sektorların müəyyən mənada zəifləməsi fonunda mənzil qiymətlərinin yüksək olması insanlar üçün əlçatanlıq problemini daha da artırır və ciddi sosial problem yaradır:

"Biz bilirik ki, mənzili olmayan əhalinin sayı kifayət qədər çoxdur. Eyni zamanda, yeni tikilən mənzillərin bölüşdürülməsi və istifadəsi ilə bağlı da müəyyən problemlər mövcuddur. Adi müşahidələr göstərir ki, yeni tikilən mənzillərin xeyli hissəsi istifadə olunmur, yəni boş saxlanılır. Bəziləri investisiya məqsədilə alınır, bəziləri isə sonradan istifadə etmək üçün saxlanılır. Nəticədə həmin mənzillərin yalnız bir hissəsi real yaşayış ehtiyacı olan əhaliyə çatır.

Bu baxımdan, Bakıətrafı kəndlərdə vaxtilə müşahidə etdiyimiz boş villalarla bağlı vəziyyətin müəyyən mənada mənzil bazarında da təkrarlandığını görürük.

Digər tərəfdən, dünyada daşınmaz əmlak bazarında müxtəlif dövrlərdə köpüklər müşahidə olunur. Lakin Azərbaycanda hazırkı vəziyyəti tam olaraq daşınmaz əmlak köpüyü adlandırmaq da düzgün olmaz. Çünki tikintinin maya dəyərinin uzun müddət yüksək səviyyədə qalacağı gözlənilir və bu da təbii olaraq mənzil qiymətlərinə təsir göstərir.

Bu il də müşahidə edirik ki, mənzil qiymətləri ötən illə müqayisədə artıb. Həm ilkin mənzil bazarında, həm də ikinci əl mənzil bazarında qiymətlər yüksəlib. Hesab edirəm ki, qiymətlər artmaqda davam edir. Maraqlıdır ki, xüsusilə ilkin mənzil bazarında qiymət artımı daha yüksəkdir".