"Valideynlərin bir cümləsi belə uşağın gələcək həyatına təsir edə bilər" - PSİXOLOQ

7 Sentyabr 2026 14:51 (UTC+04:00)

"Uşaqlıq dövründə valideynlərin övladları ilə danışıq forması və ünsiyyəti onların psixoloji inkişafına həm müsbət, həm də mənfi mənada ciddi təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, məhz buna görə də deyirlər ki, uşaqlar valideynlərinin güzgüsüdür: "Uşağın sağlam psixoloji inkişafı üçün valideynləri ilə düzgün və müsbət münasibətdə olması, özünü rahat ifadə edə bilməsi olduqca vacibdir. Təəssüf ki, bəzi valideynlər övladlarını başqa uşaqlarla müqayisə edir, onlara “Səndən heç nə olmaz”, “Filankəsin oğlu belədir, qızı belədir” kimi ifadələr işlədirlər.

Belə yanaşma uşaqlarda ciddi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Onlar gələcəkdə özünəinam problemi yaşaya, özlərini başqalarından aşağı görə və cəmiyyət içində ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər.

Bəzi uşaqlar isə bu cür sözlərin əksinə olaraq, özlərini sübut etmək və daha yaxşı nəticə göstərmək üçün daha çox çalışırlar. Lakin hər uşaq bu sözlərə eyni şəkildə reaksiya vermir. Bəzilərində bu ifadələr əksinə, özgüvənsizliyin və özünəqapanmanın formalaşmasına gətirib çıxara bilər.

Ona görə də valideynlər övladları ilə ünsiyyətdə işlətdikləri sözlərə və ifadələrə çox diqqətlə yanaşmalıdırlar. Çünki uşaqlıqda eşidilən sözlər zamanla onların düşüncəsinə, özünə münasibətinə və gələcək davranışlarına təsir göstərə bilər".