“İnsan fəaliyyətinin istənilən mərhələsində atılan addımın nəticəsini əvvəlcədən düşünmək və onun doğura biləcəyi sosial, mənəvi və ictimai nəticələri nəzərə almaq mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Xüsusilə tariximizin ən ağrılı və şərəfli səhifələrindən biri olan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə davranışımıza daha böyük məsuliyyətlə yanaşmalıyıq. Şuşada və digər azad edilmiş torpaqlarımızda atılan hər addımın arxasında həmin ərazilərin tarixi və mənəvi yükünü dərk etmək dayanmalıdır.
Çünki bu torpaqların hər qarışı şəhidlərimizin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi fədakarlıqla bağlıdır. Bu ərazilər yalnız işğaldan azad edilmiş coğrafi məkan deyil, həm də milli yaddaşımızın mühüm hissəsinə çevrilmiş müqəddəs məkanlardır. Bu baxımdan həmin ərazilərə münasibət yalnız fiziki məkanla davranış çərçivəsində deyil, həm də tarixi-mənəvi dəyərlərə münasibət kontekstində qiymətləndirilməlidir.
Bu müqəddəsliyin formalaşmasında Şuşanın xüsusi yeri var. Şuşanın azad olunması Azərbaycan xalqının yaddaşında hərbi qəhrəmanlığın və milli iradənin mühüm nümunələrindən biri kimi yaşayır. Bu şəhərin azadlığı şəhidlərimizin canı, əsgər və zabitlərimizin misilsiz şücaəti və ağır döyüşlərdə göstərdikləri rəşadət hesabına mümkün olub. Buna görə də Şuşanın hər daşı, hər küçəsi, hər qarışı xüsusi mənəvi məna daşıyır.
Bu gün həmin əraziləri ziyarət etmək, orada sərbəst şəkildə gəzmək imkanımız varsa, bunu ilk növbədə şəhidlərimizin fədakarlığına və hərbçilərimizin qəhrəmanlığına borcluyuq. Bu torpaqlarda onların adı, xatirəsi və izi var. Daşlara həkk olunan şəhid adları isə bizim milli yaddaşımızın mühüm elementlərindən biridir. Belə bir məkanın üzərinə əlavə yazılar yazmaq, şəxsi adları həkk etmək və ya tarixi-mənəvi məkanların görünüşünü dəyişdirmək hansı məqsədə xidmət edə bilər?
Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa və digər ərazilərin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın adları xalqımız üçün tanışdır. Bu adlar artıq təkcə yazılı mənbələrdə deyil, milli yaddaşımızda da yaşayır. Hətta gənc nəslin nümayəndələri belə hansı qəhrəmanın hansı istiqamətdə döyüşdüyünü, hansı şəhidimizin hansı ərazinin azadlığı uğrunda mübarizə apardığını bilir. Bu baxımdan azad edilmiş ərazilərdə daşlara və digər tarixi elementlərə düşünülməmiş yazıların həkk olunması yalnız estetik problem deyil, həm də milli-mənəvi dəyərlərə münasibət məsələsidir.
Belə həssas məsələlərdə hər birimiz davranışımızın nəticələrini əvvəlcədən düşünməliyik. Şəhidlərimizin adlarının yazıldığı, onların qanının töküldüyü və tariximizin mühüm hadisələrinin baş verdiyi məkanlara qarşı hörmətsiz münasibət yolverilməzdir. Bu cür davranış yalnız şəhidlərimizin xatirəsinə deyil, onların ailələrinə, valideynlərinə və övladlarına münasibətdə də mənəvi məsuliyyətsizlik kimi qiymətləndirilə bilər.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin müxtəlif bölgələrində çoxsaylı abidələr, parklar və xiyabanlar yaradılıb. Onların adları bu məkanlarda yaşadılır. Lakin şəhidlərimizin ən böyük mənəvi abidəsi xalqımızın yaddaşı və hər bir azərbaycanlının qəlbidir. Onların xatirəsi məhz bu yaddaş vasitəsilə gələcək nəsillərə ötürülür.
Digər tərəfdən, müasir Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın müxtəlif ölkələrindən qonaqların, turistlərin və media nümayəndələrinin səfər etdiyi ölkədir. Xüsusilə işğaldan azad edilmiş ərazilər beynəlxalq ictimaiyyətin diqqətində olan məkanlardır. Bu əraziləri ziyarət edən insanların çəkdikləri foto və videolar qısa müddətdə müxtəlif informasiya platformalarında yayıla bilir. Buna görə də həmin məkanların görünüşünə xələl gətirən hər hansı düşünülməmiş davranış yalnız lokal xarakter daşımır, ölkəmiz haqqında formalaşan təsəvvürlərə də təsir göstərə bilər.
Bu kontekstdə qrafitilər və tarixi-mədəni obyektlərin üzərinə icazəsiz yazıların yazılması məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Məsələn, vaxtilə “Nizami” kinoteatrının binasında meydana çıxan qrafiti görüntüsü ictimaiyyət tərəfindən haqlı olaraq mənfi qarşılanmışdı. Eyni yanaşmanı Azərbaycanın tarixi və mədəni irsinin qorunması baxımından da nümayiş etdirməliyik.
Azərbaycanı Avropa ölkələri və yaxın qonşumuz Türkiyə ilə müqayisə etdikdə görürük ki, səfərlər zamanı tarixi və ictimai binaların üzərində icazəsiz yazılarla qarşılaşanda bunu estetik və mədəni mühitə zərər vuran davranış kimi qiymətləndiririk. Həmin görüntüləri qınayır, tarixi məkanların qorunmasını vacib hesab edirik. Bu halda eyni prinsipin öz ölkəmizin tarixi və mədəni məkanlarına münasibətdə də tətbiq edilməsi vacibdir.
Məsələyə yalnız fərdi davranış kimi yanaşmaq doğru deyil. Hər bir vətəndaş öz hərəkətinin ictimai nəticəsini düşünməli, emosiyalarına və davranışlarına nəzarət etməlidir. Harada və necə davranmağın uyğun olduğunu müəyyənləşdirmək, atılan addımın gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyini nəzərə almaq və bundan sonra qərar vermək vətəndaş məsuliyyətinin mühüm göstəricilərindəndir.
İşğaldan azad edilmiş ərazilərimizə münasibət yalnız həmin torpaqları ziyarət etmək və onların gözəlliyini görməklə məhdudlaşmamalıdır. Bu məkanların tarixi, mənəvi və milli əhəmiyyətini dərk etmək, onların maddi və mədəni irsini qorumaq hər birimizin vəzifəsidir.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsinə, qazilərimizin fədakarlığına, əsgər və zabitlərimizin qəhrəmanlığına hörmət göstərmək bizim mənəvi borcumuzdur. Azad edilmiş torpaqların hər qarışına ehtiramla yanaşmaq isə təkcə etik davranış norması deyil, həm də azərbaycançılıq ideologiyasının və vətəndaş məsuliyyətinin mühüm tərkib hissəsidir”.