İsrailin Livanın cənubundakı Kfar Reman şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 10 nəfər həlak olub. Ölənlər arasında körpənin də olduğu bildirilir. Daha iki nəfərin taleyi isə hələlik məlum deyil.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 7-si səhər saatlarında Nabatiyə rayonunda baş verib. İsrailin hücumu yaxınlıqdakı Ərəb Salim şəhərinə endirilən zərbələrdən bir gün sonraya təsadüf edib. Həmin hücumlar nəticəsində 7 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.
İsrail ordusu gecə saatlarında Livanın cənubundakı Deyr əz-Zəhrani şəhərində də yaşayış məntəqəsini bombalayıb. Zərbədən əvvəl ərazi sakinlərinə məcburi təxliyə xəbərdarlığı verilib. İsrail ordusu bildirib ki, hədəf “Hizbullah” obyektinin yaxınlığında yerləşən və onun iddiasına görə, partlayıcı daşıyan dronların buraxılması üçün istifadə olunan bina olub.
Bununla yanaşı, bölgədəki hücumlar ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında iyun ayında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq davam edir.
Məlumata görə, son hücumlardan sonra bölgədə əsas hiss olunan duyğular qorxu və qeyri-müəyyənlikdir. Jurnalist Zeina Xodr bildirib ki, ölənlər arasında uşaqlar, o cümlədən iki aylıq körpə də var.
Onun sözlərinə görə, son 48 saat ərzində Livanın cənubunda İsrailin hücumları intensivləşib, mülki şəxslər həlak olur və yaşayış evləri dağıdılır. Mülki müdafiə qüvvələri isə dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.