Azərbaycan-Türkiyə münasibətləri yüksək texnologiyalar sahəsində də sürətlə inkişaf edir

6 Sentyabr 2026 20:56 (UTC+04:00)

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində Türkiyənin iş adamı Əziz Yıldırım və qızı Hande Yıldırım ilə görüşü Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində də sürətlə inkişaf etdiyini göstərən mühüm hadisədir.

Görüşün məhz Hərbi Dəniz Qüvvələrində keçirilməsi xüsusi məna daşıyır. Burada Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi layihələr, o cümlədən “MİRAS Hərbi-Sənaye Şirkəti” ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanan müasir hərbi vasitələr təqdim olunub. “SALVO” silahlı və “KAYRA” kamikadze insansız dəniz vasitələrinin nümayişi ölkələrimizin müdafiə sənayesində yeni texnologiyalara əsaslanan əməkdaşlığının konkret nəticəsidir.

Əziz Yıldırımın bu layihələrdə iştirakı da diqqət çəkən məqamdır. Belə əməkdaşlıq bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri dövlətlərarası əlaqələrlə məhdudlaşmır, özəl sektorun və iş dünyasının imkanları hesabına da yeni istiqamətlər qazanır.

Bu gün Azərbaycan öz müdafiə sənayesini inkişaf etdirərək həm ordusunun müasir texnologiyalarla təchizatını gücləndirir, həm də Türkiyə ilə birgə istehsal imkanlarını genişləndirir. Xüsusilə pilotsuz sistemlər, dəniz platformaları və yüksək texnologiyalı hərbi vasitələr sahəsində əməkdaşlıq gələcək üçün ciddi perspektivlər açır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsidir. Türkiyə ilə qardaşlıq və müttəfiqlik münasibətləri isə bu istiqamətdə Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən amillərdəndir.

Hərbi Dəniz Qüvvələrində keçirilən bu görüş və təqdimatlar Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının artıq ən müasir texnologiyaların birgə yaradılması mərhələsinə keçdiyini nümayiş etdirir. Bu isə həm iki ölkənin müdafiə potensialının güclənməsi, həm də regionda yeni təhlükəsizlik reallıqlarına uyğun olaraq Azərbaycanın hərbi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Jalə Əliyeva

Milli Məclisin deputatı