Şahin Mustafayev iranlı nazirlə göürüşüb

6 Sentyabr 2026 23:19 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədri Fərzanə Sadıq arasında telefon danışığı olub.

SİA İRNA-ya istinadən bildirir ki, tərəflər ikitərəfli münasibətlərin son vəziyyətini, tranzit əməkdaşlığının genişləndirilməsi planlarını, sərhəd layihələrini, həmçinin neft-qaz sektorlarında əməkdaşlığı müzakirə ediblər. İranlı nazir qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən birgə müzakirələrə toxunaraq müzakirə olunan məsələləri və onların nəticələrini araşdırmaq və izləmək üçün birgə komitənin operativ şəkildə yaradılmasının zəruriliyini vurğulayıb. O, həmçinin ABŞ və İsraillə müharibə zamanı İranın nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkərək bildirib ki, zədələnmiş nəqliyyat marşrutlarının yenidən fəaliyyətə qaytarılması istiqamətində işlər davam etdirilib, eyni zamanda davam edən layihələrin icrası fasiləsiz şəkildə həyata keçirilib.

Azərbaycan Baş nazirinin müavini isə öz növbəsində dəmir yolu layihələrində əldə olunan irəliləyişə toxunaraq bildirib ki, Azərbaycan ərazisində dəmir yolunun tikintisi Ağbənd ərazisinə qədər çatıb. Şahın Mustafayev vurğulayıb ki, İran ərazisindəki hissə tamamlanarsa, bu marşrut nəqliyyat imkanlarının artırılmasında mühüm rol oynayacaq. O, regional nəqliyyat imkanlarının artırılması məqsədilə dəmir yolu layihəsinin İran ərazisindən keçən hissəsinin tamamlanmasının vacibliyini vurğulayıb. Tərəflər həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib və strateji və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Mətləb