...NATO ölkələri İslandiya sahillərində genişmiqyaslı hərbi təlimlər keçirərək Rusiya sualtı qayıqlarının axtarışı və aşkarlanması ilə məşğul olublar.
İlk dəfə olaraq manevrlərə bir dənə də olsun Amerika gəmisi və ya təyyarəsi qoşulmayıb.
SİA xəbər verir ki, Politico-ya görə, “Şimali vikinq” təlimi ABŞ-ın NATO-dakı rolunun dəyişməsi və müttəfiqlərin Şimali Atlantika təhlükəsizliyinə artan diqqəti fonunda bir nümayiş olub.
Qeyd edilib ki, manevrlərdə Kanada hərbi gəmiləri, Belçika qırıcı təyyarələri, Almaniya kəşfiyyat təyyarələri, eləcə də Fransa, Portuqaliya və digər Alyans ölkələrindən olan qüvvələr iştirak edib.
Əməliyyata Fransa kontr-admiralı Nikolas Molitor rəhbərlik edib.
...Avropa və Kanadanın səylərini artırdığını görürük və bunu sözün əsl mənasında burada görürük.
Bunu İslandiyanın müdafiə naziri Yonas Allansson bildirib. Nəşr qeyd edib ki, İslandiya strateji cəhətdən vacibdir, çünki o, Qrenlandiya, İslandiya və Birləşmiş Krallıq arasındakı dəniz məkanı olan GIUK boğazı adlanan ərazinin yaxınlığında yerləşir.
Rusiyanın nüvə sualtı qayıqları bu ərazidə Kola yarımadasındakı bazalardan Atlantik okeanına gedə bilər. NATO bu marşrutu Rusiya sualtı qüvvələrinin Atlantik okeanına çıxışını idarə etməyin açarlarından biri hesab edir.
...Bu, həqiqətən də NATO və Rusiya üçün ayırıcı xəttdir, - deyə anonimlik şərti ilə danışan Alyans rəsmisi bildirib.
Onun sözlərinə görə, əgər Rusiya bu əraziyə nəzarət edə və sualtı qayıqların maneəsiz keçməsinə icazə verə bilsə, Atlantik okeanında əməliyyatlar üçün xeyli böyük imkanlar qazanacaq.
ABŞ təlimlərdə ilk dəfə iştirak etməyib..
Amerika gəmilərinin və təyyarələrinin olmaması bu ilki manevrlərin ən diqqətəlayiq xüsusiyyətlərindən biri olub. ABŞ onilliklərdir Şimali Vikinq təlimləri keçirir və Amerika qüvvələri əvvəllər aparıcı rol oynayırdı.
Cəmi iki il əvvəl dəniz piyadaları və təyyarələri daşıyan iki ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya gəmisi təlimə rəhbərlik edib.
Bu dəfə əsas yük Kanada və Avropa qüvvələrinin üzərinə düşüb. Eyni zamanda, İslandiyadakı Amerikanın mövcudluğu tamamilə yox olmayıb. ABŞ hərbi tikinti qrupları Keflavik Hava Limanının hərbi tərəfində yeni obyektlər üzərində işləyir və ABŞ qoşunları da planlaşdırmada kömək edir. NATO nümayəndələri vurğuladılar ki, Alyans hər hansı bir dövlətdən müstəqil şəkildə fəaliyyət göstərə bilməlidir.
...Bu, NATO-nun Müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə və Alyansın təhlükəsizliyinin tələb etdiyi yerdə hərəkət etməyə hazır olduğunun sübutudur, - NATO-nun sözçüsü Timoti Pietrak bildirib.
Rusiya təhdidi artır...
Təlimlər Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin pisləşməsi fonunda keçirilir. Müttəfiqlər təkcə Rusiyanın hərbi fəaliyyəti ilə deyil, həm də vacib infrastruktura mümkün hücumlarla bağlı getdikcə daha çox narahatdırlar.
Sualtı rabitə kabelləri və boru kəmərləri xüsusilə narahatlıq doğurur.
Xüsusilə Almaniya bu cür obyektləri daim izləməyin zəruri olduğunu düşünür.
Təlimlər zamanı Alman təyyarəsi Şimali Atlantika üzərində kəşfiyyat aparıb, dəniz dibini xəritələşdirib və beynəlxalq donanmaya məlumat ötürüb.
NATO Arktikanın müdafiəsini gücləndirir...
Şimali Atlantikaya artan diqqət Arktika və Qrenlandiya ilə bağlı mübahisələr fonunda da baş verir.
Donald Tramp administrasiyası dəfələrlə Qrenlandiya üzərində nəzarət məsələsini qaldırıb və bu, ABŞ-ın Avropa müttəfiqləri arasında narahatlıq doğurub.
Bu fonda Avropa ölkələri və Kanada bölgədəki imkanlarını getdikcə daha da inkişaf etdirirlər.
Fransız kontr-admiralı Nikolas Molitor qeyd edib ki, "bu gəmilər Atlantik okeanının hər iki tərəfində ilk müdafiə xəttidir".
O, NATO-nun gücünün müttəfiqlərinin birgə hərəkətlərində olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Amerika qüvvələri müəyyən bir əməliyyatda iştirak etmədikdə belə, Alyans gəmiləri tək qalmır.
Əli Babayev