Bəhruz Quliyev,
SƏS Media Qrupun rəhbəri
Şəhid adı estetika, peşəkarlıq və ləyaqət tələb edir
Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər bir azərbaycanlı üçün müqəddəs və toxunulmazdır. Onların adlarını əbədiləşdirmək, xatirəsini gələcək nəsillərə ötürmək həm mənəvi borcumuz, həm də vətəndaşlıq vəzifəmizdir. Lakin bu müqəddəs borcu yerinə yetirərkən hansı üsullardan və formalardan istifadə etməyimiz heç də az əhəmiyyət kəsb etmir.
Son zamanlar təbiət qoynunda, daşların, qayaların, tarixi abidələrin və ya yaşayış məntəqələrindəki divarların üzərinə təsadüfi, qeyri-peşəkar şəkildə adların yazılması halları müşahidə olunur ki, bu da ictimaiyyətdə ciddi narahatlıq və haqlı iradlar doğurur. Təbiətin, tarixi səthlərin və ya ictimai bina divarlarının üzərinə kortəbii şəkildə, lazımi estetikadan və peşəkarlıqdan uzaq boyalarla yazılan yazılar şəhidlərin ruhuna ehtiramı əks etdirmir. Əksinə, bu cür hərəkətlər tarixi və təbii irsə zərər vurur. Qayaların, abidələrin və ictimai əmlakın zədələnməsi yaşayış məntəqələrimizin və təbiətimizin ümumi vizual görünüşünü korlayır. Ən əsası isə xatirənin dəyərini kiçildir, bundan başqa, ərazinin ümumi estetikasına və tarixi görkəminə böyük xələl gətirir.
Şəhidin adı təsadüfi bir qayanın və ya baxımsız bir divarın üzərində solğun, nizamsız hərflərlə yazıldıqda, bu, həmin adın əzəmətini artırmır, əksinə, onu adi vizual küyün bir hissəsinə çevirir. Milli-mədəni irsimizə vurulan bu cür ziyan, tarixi məkanların və ya təbii mənzərələrin bu şəkildə korlanması şəhidlərimizin uğrunda döyüşdüyü Vətən torpağının gözəlliyinə vurulan xələldir. Biz Vətəni qoruyanların adını yaşadırıqsa, elə o Vətənin təbiətini və estetikasını da qorumalıyıq.
Müqəddəs şəhid adının kustar üsullarla, eybəcər formada divara və ya daşa həkk olunması onun daşıdığı mənəvi yükə və əzəmətə uyğun gəlmir. Anım addımı kimi nəzərdə tutulan bu hərəkət nəticədə ictimai sahələrin çirkləndirilməsi kimi qəbul olunur və xatirənin özünü dəyərsizləşdirir.
Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır. Ölkəmizin hər bir bölgəsində, şəhər və kəndlərimizdə dövlət səviyyəsində layihələndirilmiş, peşəkar memarlar və heykəltaraşlar tərəfindən hazırlanmış kifayət qədər memorial komplekslər, Şəhidlər Xiyabanları, parklar və abidələr ucaldılıb. Bu məkanlar şəhidlərimizin adını ləyaqətlə, estetik normaya və yüksək standarta uyğun yaşatmaq üçün nəzərdə tutulub. Şəhid adı məhz belə nizamlı, baxımlı və peşəkar yerlərdə ucalmalıdır.
Hər bir vətəndaş anlamalıdır ki, şəxsi və ya ictimai əmlaka, təbiətə və tarixi abidələrə zərər vurmaq qəbulolunmazdır. Mənəvi hisslərin nümayişi hüquqi qaydaların pozulmasına bəraət qazandıra bilməz. İctimai və ya dövlət əmlakını zədələyərək ad yazmaq hallarına görə hüquqi məsuliyyət və cavabdehlik məsələsi açıq şəkildə qoyulmalıdır.
Burada cəmiyyətin roluna xüsusi diqqət etməl lazımdır. İctimaiyyət, xüsusilə gənclər arasında maarifləndirmə işləri aparılmalı, hər kəsin müəyyən olunmuş qaydalara sayğı ilə yanaşması təmin edilməlidir. Şəhidlərimizə ən böyük hörmət onların adlarını səliqəsiz divarlara yazmaqla deyil, dövlətimizin qoyduğu qaydalara əməl etməklə, onların qoyub getdiyi Vətəni, onun təbiətini, tarixini və şəhərlərini qorumaqla mümkündür. Müqəddəs xatirələr yalnız və yalnız ləyaqətli, estetik və peşəkar yanaşmaya layiqdir.
Nə etməli?
Tarixi, mədəni və ictimai obyektlərin zədələnməsinin qarşısını almaq və cəmiyyətdə məsuliyyətli davranış mədəniyyəti formalaşdırmaq üçün profilaktik və maarifləndirici işlər kompleks şəkildə görülməlidir. Birincisi, təhsil müəssisələrində xüsusi proqramlar, o cümlədən "Şəhidlik və mədəni ehtiram", "Milli-mədəni irsin qorunması" mövzularında açıq dərslər keçirilməlidir. Şagirdlərə və tələbələrə vətənpərvərliyin obyekti korlamaqla deyil, dövlətin və təbiətin estetikasını qorumaqla nümayiş etdirilməsi fəlsəfəsi aşılanmalıdır.
İkincisi, media və sosial şəbəkələrdə təsirli sosial çarxlar, o cümlədən zədələnmiş tarixi abidələrin restavrasiyasının nə qədər mürəkkəb, baha başa gələn və bəzən bərpaolunmaz zərər vurduğunu göstərən vizual kontentlər (videolar, infoqrafikalar) hazırlanmalıdır. "Xatirəyə ehtiram zövqsüzlük olmamalıdır" tezisi ilə tanınmış şəxslərin, qazilərin və şəhid ailələrinin iştirakı ilə çağırış videoları çəkilməlidir.
Üçüncüsü, ictimai məkanlarda, insanların ehtiramını bildirməsi üçün tarixi və ya təbii zonaların yaxınlığında xüsusi rəqəmsal lövhələr (kiosklar) və ya elektron xatirə kitabları yerləşdirilə bilər. Ziyarətçilər rəqəmsal ekranda şəhidlərin adını axtarıb xatirə mesajı yaza bilərlər. Bu, daşlara yazmaq ehtiyacını müasir alternativlə əvəz edər.
Dördüncüsü, gənclər təşkilatları və könüllülər vasitəsilə "İrsimizi Birlikdə Qoruyaq" kampaniyaları təşkil olunmalı, abidələrin və təbiətin mühafizəsi üzrə reydlər/maarifləndirmə yürüşləri keçirilməlidir. Yerli icmalarla, xüsusilə kənd və rayon axsaqqalları, din xadimləri və müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır.
Bundan başqa, tarixi, mədəni və təbii obyektlərin önündə estetik görünüşü pozmayan, lakin aydın görünən xəbərdarlıq lövhələri qoyulmalıdır. Bu lövhələrdə vurulan zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti (cərimələr, cəzalar) konkret maddələrlə qeyd edilməlidir.