Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Orxan Hüseynli rəhbərlik etdiyi “Renaissance Travel” turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. Orxan Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. Orxan Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.