Azərbaycan və Seneqal dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə birgə fəaliyyəti nəzərdən keçirib

5 Sentyabr 2026 13:35 (UTC+04:00)

Azərbaycan və Seneqal rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlığı müzakirə edib.

SİA xəbər verir ki, bununla bağlı müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.

Səfər İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Görüş zamanı, o cümlədən ötən ilin dekabrında imzalanmış anlaşma memorandumları çərçivəsində görülmüş işlər müzakirə edilib. Seneqal tərəfi ölkədə həyata keçirilən dövlət xidmətlərinin rəqəmsal transformasiyası gündəliyi barədə məlumat verib.

Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, xüsusilə "myGov" platforması üzrə təcrübə mübadiləsi məsələlərinə diqqət yetirilib. Həmçinin dövlət qulluqçularının süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb. Startap ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Görüş Azərbaycanın rəqəmsal həllərinin təşviqi və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.