Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il ərzində müəyyən edilmiş hədəflərin bir hissəsi artıq icra olunub. Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayıb, həmçinin 68 imtiyazlı şəxsə mənzillər təqdim olunub.
SİA xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.
Nazir qeyd edib ki, növbəti hədəf muxtar respublikanın bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlamasıdır:
"Hazırda muxtar respublikanın bütün rayonlarında qəbul şöbələrinin fəaliyyətə başlaması istiqamətində işlər görülür. Digər növbəti hədəfimiz Naxçıvan Regional İnformasiya Mərkəzi ilə bağlıdır. Bura əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərən bir mərkəzdir və Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Artıq həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Layihələndirmə işləri yekunlaşıb. Yaxın aylarda mərkəzdə əsaslı təmir işlərinə başlanılacaq”.