Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

4 Sentyabr 2026 18:42 (UTC+04:00)

Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqlar əsasında regionda və dünya siyasətində mövqeyinin daha da möhkəmlənməsinin, söz sahibliyinin, qlobal problemlərin həllinə yanaşmasına verilən böyük önəmin bəzi dairələr tərəfindən böyük qısqanclıqla qarşılanması ölkəmizə qarşı qərəzli kampaniyaların aparılmasında, saxta məlumatların yayılmasında özünün aydın ifadəsini tapır. Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi tanınır, dünyaya sülh, təhlükəsizlik, birlik, həmrəylik çağırışlarını etməklə bərabər, bunu real addımları ilə təsdiqləyir. Ölkəmizə qarşı qərəzli kampaniyalar hər zaman aparılıb, lakin Azərbaycanın reallıqları bu təbliğatların nə qədər əsassız olduğunu nümayiş etdirib. Azərbaycanın şanlı qələbəsindən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh təklifini etməsi, regionda daimi sülhün təmin edilməsi istiqamətində göstərdiyi səylərə beynəlxalq dəstəyin bariz nümunəsi ötən ilin avqust ayında dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı əldə edilən tarixi sülh razılaşmasında təsdiqini tapdı. Hazırda Cənubi Qafqazda sülh mövcuddur. Dinc gələcəyin qurulmasına yönəlmiş təşəbbüslərin fonunda Qərb mediası və müxtəlif informasiya resursları vasitəsilə Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya və hibrid informasiya kampaniyalarının intensivləşməsi diqqətdən kənarda qalmır. Tamamilə subyektiv mülahizələrə söykənən, məsələni süni şəkildə dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim etməyə çalışan məlumatlar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Təbii ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Polşada fəaliyyət göstərən “Nexta” kanalının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı yaydığı məlumat birmənalı qarşılana bilməz. “Nexta” tərəfindən yayılan məlumat subyektiv mülahizələrə əsaslanaraq ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Konkret hadisədən subyektiv mülahizəyə əsasən nəticələr çıxarmaq və bunu geniş auditoriyaya təqdim etmək informasiya manipulyasiyasıdır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin məsələ ilə yaydığı bəyanatında da qeyd edilir ki, özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır. Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib. Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, belə materiallarda hadisələrə qərəzli və subyektiv yanaşma, Azərbaycanın mövqeyinə və təqdim etdiyi faktlara yer verilməməsi qərəzli mövqe və informasiya manipulyasiyasının açıq təzahürüdür. Bu yanaşma təkcə jurnalistikanın obyektivlik və balans prinsiplərinə zidd deyil, həm də cəmiyyətdə və beynəlxalq auditoriyada Azərbaycan haqqında yanlış təsəvvürlərin formalaşmasına xidmət edir. Belə qərəzli addımlar yalanın həqiqət üzərində qələbəsini təmin etmək imkanında deyil. Azərbaycanın hər zaman informasiya cəbhəsində üstünlüyünü qorumaq gücündədir. Təbii ki, bu üstünlüyə əsas verən həqiqətlərə söykənən təbliğatımızdır. Azərbaycan diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan reallıqlarının öyrənilməsi, xarici siyasətinin dəyişməz prinsipləri ilə bağlı ətraflı məlumatların əldə edilməsi üçün zəngin mənbədir.

Millət vəkili bildirib ki, bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycan öz xarici siyasətini hər hansı mərkəzin diktəsi ilə deyil, milli maraqları və dövlətçilik prinsipləri əsasında müəyyənləşdirir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəyini bildirib. Müstəqil siyasət yürüdən dövlətlərə təsir göstərə bilməyən mərkəzlər ənənəvi olaraq hibrid informasiya müharibəsi taktikasına əl atırlar. Qərb mediasında – "The Independent", "The Guardian", BBC, CNN, "Le Monde" və "Nexta" kimi platformalarda vaxtaşırı dövriyyəyə buraxılan birtərəfli, faktlara söykənməyən və təhrif olunmuş materiallar məhz bu strategiyanın tərkib hissəsidir. İstənilən informasiya manipulyasiyası real faktlar qarşısında hər zaman acizdir. Heç bir xarici təzyiq, dezinformasiya kampaniyası və ya ikili standart Azərbaycanı tutduğu müstəqil inkişaf yolundan, suveren hüquqlarını qorumaq iradəsindən döndərə bilməz. Qərbdəki həmin dairələrin güclü, dünyada söz sahibi olan Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməkdən başqa yolları yoxdur.