Bakı–Daşkənd xətti: qardaşlıqdan böyük tərəfdaşlığa - MİLLƏT VƏKİLİ

4 Sentyabr 2026 16:38 (UTC+04:00)

"Azərbaycan-Özbəkistan əməkdaşlığı sağlam münasibətlər, dostluq və qardaşlıq ənənələri əsasında qurulub və yüksələn xətt üzrə inkişaf edir". Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, bu dövlətlərin bir-birinə sağlam münasibəti, ən mötəbər beynəlxalq tribunalardan birinin mövqeyindən çıxış etməsi, bir-birlərini dəstəkləməsi, əlbəttə ki, bu tərəfdaşlığı, bu əməkdaşlığı gündən-günə genişləndirir və möhkəmləndirir:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə Özbəkistana rəsmi səfərlər edib və bu səfərlər imzalanan sənədlərin, bağlanılan müqavilələrin, verilən bəyanatların timsalında böyük əhəmiyyətə malikdir. İki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Eləcə də, ayrı dövlətlərarası şura təsis edilib ki, bu da hər iki dövlətin sosial-iqtisadi inkişafına yeni imkanlar yaradır.

Özbəkistan Prezidentinin cənab Şavkat Mirziyoyevin ölkəmizə səfərləri də dostluq və qardaşlıq münasibətlərinə yeni bir məna verib. Münasibətlərin möhkəmləndirilməsində, taleyüklü məsələlərin müzakirəsində və həllində əhəmiyyətli rol oynamaqla bərabər, həm də Türk Dövlətləri Təşkilatına öz töhfələrini bəxş etmişdir.

İki dövlət arasında son illərdə iqtisadi-ticari əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Əgər rəqəmlərə nəzər salsaq, biz bunu aydın görə bilərik. 2025-ci ildə əvvəlki illə müqayisədə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq artıq 795 milyon dollar səviyyəsinə yüksəlmişdir.

Energetika sektorunda, yaşıl enerji sahəsində, tranzit daşımalarında, mədəni-humanitar əlaqələrdə, təhsil, media, turizm və digər sahələrdə uğurlu nəticələr var. Və əlbəttə ki, bu nəticələr hər iki dövlətin milli maraqlarına uyğundur, xalqların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir".