Ukrayna Rusiyaya şərtsiz danışıqlar təklif edib

4 Sentyabr 2026 16:02 (UTC+04:00)

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, ölkəsi heç bir ilkin şərt irəli sürmədən atəşkəsə və Rusiya ilə danışıqlara hazırdır. Lakin Kiyev sülh naminə ərazi bütövlüyündən və suverenliyindən imtina etməyəcək.

SİA xəbər verir ki, Sibiqa bu barədə Qazaxıstanın “Ulysmedia” nəşrinə müsahibəsində danışıb.

Sülh danışıqlarının dayandırılmasının səbəbləri ilə bağlı suala cavab verən nazir bildirib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və Kiyevin tərəfdaşları da bunu dəstəkləyir. Lakin onun sözlərinə görə, Rusiya tərəfindən buna dair heç bir əlamət görünmür.

Sibiqa qeyd edib ki, Kiyev prezidentlər səviyyəsində görüşə və istənilən formatda əməkdaşlığa da hazırdır.

Jurnalistin 2022-ci ildə, müharibənin ilk aylarında Rusiya ilə razılığa gəlməyin niyə mümkün olmadığı barədə sualına Sibiqa belə cavab verib:

“Rusiyanın bütün təkliflərini xatırlayıram. Onların hamısı kapitulyasiya təklifləri idi. Bunlar qəbuledilməzdir. Belə təkliflər yolverilməzdir. Ukrayna heç vaxt ərazi bütövlüyü və suverenliyi hesabına hər hansı razılaşmaya getməyəcək”.

Sibiqanın sözlərinə görə, müharibənin hər günü Ukraynaya təxminən 450 milyon dollara başa gəlir.

Nazir həmçinin bildirib ki, müharibə dövründə ölkənin müdafiə sənayesi, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, Ukrayna müxtəlif tipli 20 milyona qədər PUA istehsal edə bilər və onların istehsalı 54 dəfə artıb.

Ukraynanın xarici işlər naziri vurğulayıb ki, istənilən sülh sazişi real və hüquqi təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır. Onun sözlərinə görə, yalnız siyasi bəyanatlar kifayət deyil və ölkənin əsas müdafiəsi güclü, döyüş qabiliyyətli ordu olaraq qalmalıdır.

Sibiqa əlavə edib ki, hazırda ABŞ Prezidenti Donald Tramp və Amerika tərəfi sülh danışıqlarında əsas vasitəçilərdir. Bununla yanaşı, Avropadakı müttəfiqlərin də rolu mühüm əhəmiyyət daşıyır.

Nazir vasitəçilik səylərinin intensivləşəcəyinə ümid etdiyini bildirib.