Kremlin əsl məqsədləri...

4 Sentyabr 2026 18:05 (UTC+04:00)

....Bu həftə Moskva Rusiya, Ukrayna və ABŞ liderləri arasında üçtərəfli sammit ideyasını rədd etdi.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tərəflər dərhal sülh müqaviləsi imzalamağa hazır olmadıqca görüş “tamamilə mənasızdır”.

SİA-nın əldə etdiyi məlumata görə, Atlantic Council yazır ki, bu imtina Kremlin real güzəştlərə getmək istəmədiyini bir daha nümayiş etdirir.

Donald Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri Rusiya rəsmiləri dəfələrlə “diplomatiyaya hazır olduqlarını” bəyan etsələr də, eyni zamanda Kiyevi və Qərbi sülh təşəbbüslərini pozmaqda ittiham ediblər.

Lakin Putin müstəqil Ukraynanın mövcudluğunu faktiki olaraq təhdid edən şərtlər irəli sürməyə davam edir. Moskvanın əsas tələbi müharibənin sözdə “kök səbəblərinin” aradan qaldırılmasıdır.

Bu formul Kremlin Ukraynanın müstəqilliyini qəbul etməkdən imtinasını gizlədir. Rusiyanın şərtlərinə ələ keçirilmiş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınması, Kiyevin Donbasın əhəmiyyətli bir hissəsindən imtina etməsi və ölkənin faktiki olaraq tərksilah edilməsi daxildir.

Moskva Ukraynanın NATO üzvlüyündən çıxarılmasını, Qərb ölkələri ilə hərbi əməkdaşlığının məhdudlaşdırılmasını və Ukrayna ordusunun imkanlarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir.

Bundan əlavə, Kreml Ukraynanın daxili siyasətinə təsirini bərpa etməyə çalışır.

Moskvanın tələblərinə rus dilinə xüsusi status, Rus Pravoslav Kilsəsi üçün genişləndirilmiş imtiyazlar və Ukraynanın tarixi siyasətinin yenidən nəzərdən keçirilməsi daxildir.

Müəlliflər həmçinin Moskvaya sadiq bir hökumətin yaranmasına yol açacaq sözdə “millətçi” partiyaların qadağan edilməsi planlarına da işarə edirlər.

Rusiya xarici işlər naziri Sergey Lavrov mövcud cəbhə xətti boyunca atəşkəs razılaşmasını rədd etməyə davam edir və bunun “nasist rejiminin hakimiyyətdə qalacağını” iddia edir. Ukraynanın müdafiə naziri Yevgeni Xmara bildirib ki, “Rusiya yalnız Donetsk və ya Luqanskla maraqlanmır. Onun məqsədi bütün Ukraynadır”.

...Moskva diplomatiya ritorikasından maksimalist müharibə məqsədlərini legitimləşdirmək üçün istifadə edir, halbuki Kremlin fikrincə, sülh Ukraynanı Rusiyanın maraqlarına tabe etmək deməkdir.

Bunu Atlantic Council müəllifləri iddia edirlər.

Əli Babayev